Naxçıvanda məmurlarla əlbir olan bəzi çörək sexlərinin çörəyin çəkisini azaldaraq alıcıları aldatdığı bildirilir. İddiaya görə, sexlər qiyməti dəyişmədən çəkini aşağı salmaqla həm hər çörəkdən əlavə qazanc götürür, həm də sakinləri daha çox çörək almağa məcbur edirlər.
“Gündəlik Naxçıvan”a müraciət edən şəhər sakinlərindən biri deyir ki, 40 qəpiyə satılan və 300 qram olmalı “Bərəkət” çörəyini tərəzidə çəkərkən onun cəmi 250 qram gəldiyini görüb. Sakin bunu təsdiqləyən videogörüntünü də redaksiyaya təqdim edib.
O deyir ki, məsələni təsadüfən çörəyi əlinə götürəndə fərq edib:
“Uşaq çörəyi alıb evə gətirdi. Əlimə alan kimi hiss etdim ki, həddindən artıq yüngüldür. Tərəziyə qoydum, 250 qram çıxdı. Halbuki 40 qəpiklik bu çörək 300 qram olmalıdır. Əvvəllər 302–303 qram gəlirdi. Söhbət 5–10 qramdan yox, düz 50 qramdan gedir. Hər çörəkdən 50 qram əskik versələr, görün gün ərzində insanların cibindən nə qədər pul çıxır. Bu, açıq-aşkar alıcını aldatmaqdır.
Hər çörək qablaşdırılmalı, üzərində çəkisi göstərilməlidir. Niyə bunu etmirlər? Bizcə, yuxarılarla əlbirdirlər, qazancı bölürlər. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi , İqtisadiyyat Nazirliyi hara baxır?
Rüşvət verməyən sexləri min bəhanə ilə cərimələyirlər, bəs burada niyə səsləri çıxmır? Çünki, əlbirdilər, bizim üzərimizdən qazandıqları haram pulu məmurlarla bölürlər”
Digər sakin B. Yusifov isə problemin ailələrin gündəlik xərcini də artırdığını deyir:
“Çörəyin qiymətini 40 qəpik saxlayıblar, amma çəkisini azaldıblar. Adam əvvəl evinə üç çörək alırdısa, indi ailəsi doysun deyə dörd-beş çörək almağa məcbur olur. Yəni həm hər çörəkdən 50 qram kəsirlər, həm də bizi daha çox çörək almağa məcbur edib ikinci dəfə qazanırlar. Çörək insanların ən əsas ərzağıdır. İnsanların ruzisindən belə kəsmək nə deməkdir?”
Şikayətçilərin iddiasına görə, aidiyyəti qurumlara müraciətlər nəticəsiz qalır, çünki bəzi məmurlar sex sahibləri ilə maraq əlaqəsindədir və onların tərəfini saxlayırlar.



















