Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin vurulmasından bir il ötsə də, faciənin arxasında qalan suallar hələ də cavabsızdır. Xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair konfransda bildirib ki, Rusiya və Azərbaycan liderlərinin Düşənbədəki görüşündə üzrxahlıq və kompensasiya məsələsi müzakirə olunub. Lakin Rusiya İstintaq Komitəsinin imzaladığı məktubda cinayət işinə xitam verilməsi ciddi təəccüb doğurur.
Azərbaycan araşdırma apardığı halda Rusiyanın işə xitam verməsi mümkündürmü?
Globalinfo.az-a danışan Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə deyib ki, son məktub Azərbaycan cəmiyyətində böyük narazılıq doğurub:
“Cəmiyyət bu qərarı qətiyyətlə pisləyir. Çünki artıq bir ildən çoxdur ki, faciəyə ədalətli qiymət veriləcəyini, eyni zamanda, Azərbaycan tərəfinə kompensasiya ödəniləcəyi və diplomatik kanallarla üzrxahlıq bildiriləcəyini gözləyirik. Təəssüf ki, hələ də nəticələr tam aydın şəkildə əldə olunmayıb. Halbuki istintaq göstərdi ki, təyyarəyə xarici müdaxilə olunub”.
Millət vəkili vuğulayıb ki, təyyarəyə kənar müdaxilənin olunduğu bir neçə ölkənin ekspertləri tərəfindən təsdiqlənib:
“Hesab edirəm ki, Rusiya bu addımı ilə həm ikitərəfli münasibətlərə zərər vurur, həm də istintaq prosesini çaşdırır. Eyni zamanda, belə addımlar ikitərəfli münasibətlərin normallaşmasına risk yaradır və regionda yeni gərginlik ehtimalını artırır”.
Hüquqşünas Əkrəm Həsənov bildirib ki, əgər Rusiyada cinayət işi bağlanıb və xitam verilibsə, bu, o demək deyil ki, Moskva heç bir tədbir görməyəcək:
“Cinayət işinə xitam verilib və prinsipial olaraq sonra yenidən bərpa oluna bilər. Hər halda, Düşənbədə Rusiya Prezidenti ölkə başçımız İlham Əliyevə söz verib ki, araşdırma aparılacaq və günahkarlar məsuliyyətə cəlb olunacaq. Hamı başa düşür ki, bu kimi məsələlər həm hüquqi müstəvidən, həm də siyasi münasibətlərdən asılıdır. Bakı və Moskva arasındakı əlaqələr düzgün istiqamətdə getməsə, Rusiyadan nəsə ciddi tədbir görmək gözlənilmir. Üstəlik, Kreml hazırda özünü kifayət qədər inamlı aparır. Məsələn, Ukrayna münaqişəsi ilə bağlı ABŞ Prezidenti Donald Trampın Rusiyaya göstərdiyi dəstək qonşu ölkənin özünü daha güclü və təsirli aparmasına imkan yaradır”.









