Ölkəmizin digər bölgələrində olduğu kimi Şəki-Zaqatala iqtisadi rayonlarında da mal-qara, qoyun-quzu arasında dabaq xəstəliyinin yayılması müşahidə olunur.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qaxın əksər kəndlərində xəstəliyin sürətlə yayılması fermerlər arasında ciddi narahatlıq yaradıb.
Məsələn, Əmbərçay kəndində əhalinin əsas gəlir mənbəyi maldarlıq və qoyunçuluqdur.
Burada az ev tapılar ki, mal saxlamasın. Sakinlər bildirir ki, onların da mal-qarası dabaq xəstəliyindən əziyyət çəkir, vurulan vaksinlərin heç bir faydası-keyfiyyəti yoxdur.
Vaxtı ilə bir həftə sürən xəstəlik bu dəfə iki həftəni keçib, proses davam edir.
Ailə gəlirlərinin əsasını maldarlıq təşkil edən Şahin Yusifov bu sahəni dərindən mənimsəyib. Mal-qara arasında böyüdüyünü, xəstəliklərə qarşı mübarizəni də bilənlərdəndir. Lakin bu dəfəki baytar müdaxilələri hələlik çox az faydasını verir.
Onun sözlərinə görə 10 baş mal-qarası var. Malların bir neçəsi camış cinsindəndir.
Bu heyvan adətən xəstəliklərə daha dözümlü hesab olunur. Lakin bu dəfəki xəstəlik onlara da yoluxub və uzun müddət davam edib:
“Bizim dolanışığımız süddür, qatıqdır, mal-qaraynandır. Mal qara da hardasa 15 gündür bu vəziyyətdədir. Ancaq türkəçarə ilə duzla, markonsovka ilə bir təhər tapıb müalicə edirik”, - deyən kənd sakini xəstəlik yayılandan sonra Əmbərçayda 3-4 baş mal-qara tələf olduğunu bildirir.
Mal-qarası xəstəlikdən əziyyət çəkənlərdən biri də Hacı Quliyevdir. Onun da 8 baş malı var.
Hacı kənddə dabaq xəstəliyi müşahidə edilən gündən mal-qarasını təcrid edib.
Günlərlə tövlədə saxlayıb. Deyir ki, son iki həftədə malları xeyli çəki itirib. İki həftəlik təcriddən sonra o, malları həyətə öz axarlarına buraxıb.
Əmbərçay kənd sakini Fərman Hədisov kimi digər sakinlər də artıq bir aya yaxındır mal-qara arasında kütləvi yayılan dabaq xəstəliyindən narahatdır.
Fərman kişi deyir ki, kəndlərinin ətrafı dağlarla əhatə olunub və yaxınlıqda başqa yaşayış məntəqələri belə yoxdur. Bu səbəbdən bu yaşayış məntəqəsində nadir hallarda mal-qara arasında xəstəliklər müşahidə olunardı. Bu dəfə isə vəziyyət çox acınacaqlıdır.
Məsələ ilə bağlı Qida Təhlüksizliyi Agentliyinə müraciət etdik.
Agentlikdən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirildi ki, epizootik sabitliyin və bioloji təhlükəsizliyin qorunması, zoonoz və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bir sıra zəruri tədbirlər görülməkdədir.
Respublikamızın həmsərhəd bölgələri, heyvanların mövsümi miqrasiya marşrutları, eləcə də heyvan bazarları yüksək risk əraziləri kimi müəyyən edilib.
Heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması, satış və daşınma prosesləri infeksiya törədicilərinin yayılmasına, ölkə ərazisində xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər.
Heyvan bazarlarının sahibləri tərəfindən bazar ərazilərində dezinfeksiya və deratizasiya tədbirləri görüləcək. Sağlamlaşdırma tədbirləri yekunlaşdıqdan sonra bazarların fəaliyyəti bərpa olunacaq.