Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu il Həcc ziyarəti üçün sənədlərin qəbuluna artıq indidən start verilir.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib.
Onun sözlərinə görə, vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc ziyarətinə getmək istəyən dindarlar üçün sənədlərin qəbuluna başlayıb:
“Bütün ölkələrdə müşahidə edilən qiymət artımları, habelə, Səudiyyə Ərəbistanı Krallığının müvafiq qurumları tərəfindən yeni xidmətlərin təqdim edilməsi ilə əlaqədar olaraq QMİ 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6 100 ABŞ dolları müəyyən edib. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək”.
Qeyd edək ki, hər dəfə Həcc mövsümü cəmiyyətdə geniş müzakirə olunur, yenə eyni məsələlər gündəmə gəlir. Bu qədər vəsaiti Həcc ziyarətinə sərf etməyə dəyərmi? Yəni burada söhbət birinci dəfə yox, ziyarətə artıq təkrarən gedən şəxslərdən gedir.
Bildirək ki, İslamın beş təməl şərtindən biri olan Həcc, həm mal, həm də bədənlə edilən bir ibadətdir. Bu baxımdan Həcc ziyarətinə birinci dəfə getmək başa düşüləndir. Amma bəzən ziyarətə təkrarən gedən insanlar da var.
Maraqlıdır, təkrar ziyarətə sərf edilən vəsaiti bu məqsədlə xərcləmək daha doğrudur, yoxsa həmin pulu xeyriyyə işlərinə yönəltmək?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan ilahiyyatçı Elşad Miri bildirib ki, bu gün yerinə yetirilən Həcc Allahın istədiyi Həcc deyil:
“Hazırda insanların Həccə dair anlayışı Qurani-Kərimdə göstərilənlə eyni deyil. İndi bu barədə nə desək də, hamısı kənarda qalacaq. Əsas məsələ budur ki, baxaq görək, Allah Quranda bizdən bu gün həyata keçirilən Həcci istəyir? Yəni gedib həqiqətən orada daşın ətrafında fırlanmağımızımı, yoxsa “Səfa” və “Mərvə” adlandırılan mərmərdə qaçmağımızımı istəyir?
Bunlar Allahın istədiyi Həcc anlayışı deyil. Bu, insanların müəyyənləşdirdiyi və Allahın adı ilə əlaqələndirdiyi bir formadır ki, nəticədə yaxşı bir biznesə çevrilib. Camaat gedib öz pulunu zorla verirlər, onlar da bundan qazanc əldə edir. Bu cür də davam edirlər.
İlk dəfə gedənlə təkrar gedən arasında heç bir fərq yoxdur. İlk dəfə gedən də eynidir, təkrar gedən də. Həccin məqsədi bu deyil. Allahın bizdən istədiyi Həcc anlayışı tam başqadır. Mən özüm bir dəfə Həccdə, iki-üç dəfə isə Ümrədə olmuşam.
Sonradan oxuyub öyrəndikcə başa düşdüm ki, o zaman etdiklərim səhv imiş. Allahın istədiyi bu deyil. Allahın istədiyi Həcc, sadəcə orada fırlanmaq və ya şeytan daşlamaq deyil”.
Onun fikrincə, Həccin əsas məqsədi bəşəriyyətin problemlərinin müzakirə olunduğu bir toplantı olmalıdır:
“Əslində Həcc beynəlxalq bir konqres, bəşəriyyətin problemlərinin müzakirə olunduğu bir simpozium kimi olmalıdır. Bu toplantılar yalnız bir ayda deyil, müxtəlif aylarda davam etdirilməlidir.
Amma biz nə edirik? Pulumuzu götürüb gedirik, səhər yeməyimizi yeyib namaz qılırıq, Kəbənin ətrafında dövrə vurub, elə bilirik bonuslar yazılır. Günahlarımızı yuyub qayıdırıq, oluruq anadan təzə doğma mələk kimi...”.