Xəbər verildiyi kimi, işğalçı Rusiya diktatoru Vladimir Putinin müşaviri Anton Kobyakov SSRİ-nin hələ də mövcud olduğunu və onun dağıdılmasının hüquqi əsasının olmadığını bildirib. Kobyakov Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunun yekun mətbuat konfransında deyib ki, Sovet İttifaqı dağılanda “hüquqi prosedur pozulub, yəni SSRİ hələ də mövcuddur”. Onun sözlərinə görə, bu, Ukraynadakı müharibənin “daxili proses” olduğunu söyləməyə imkan verir. Kobyakov qeyd edib ki, SSRİ Xalq Deputatları Qurultayının qərarı ilə yaradılıb, ona görə də yalnız həmin qurumun qərarı ilə ləğv edilə bilərdi. Bunun ardınca isə Rusiya Federasiyası Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Dövlət Dumasının komitə rəhbəri Nina Ostanina “TASS”-a bildirib ki, SSRİ-nin dağılması “qanunsuz” olub, onun hüquqi statusunun nəzərdən keçirilməsinə ehtiyac var və deputatlar bu məsələni gündəmə gətirməyə hazırdır... Bunun ardınca Rusiya Hüquqşünaslar Assosiasiyasının sədri, sabiq baş nazir Sergey Stepaşin SSRİ-nin ləğvi prosedurunun hüquqi baxımdan pozulduğunu bəyan edərək bildirib ki, hüquqi baxımdan Kobyakov haqlıdır.
Bundan əvvəl də müxtəlif Kreml ideoloq və təbliğatçıları, deputatlar tərəfindən SSRİ miqyasında imperiyanın bərpasına yönəlmiş fikirlər səsləndirilmişdi. Ancaq bu dəfə daha məsələ daha ciddi və rəsmi fiqurlar tərəfindən qaldırılıb. O da maraqlıdır ki, bu gedişlər Trampla Putinin telefon danışığından sonra baş verib.
Elə məhz Putin və Trampın mayın 19-da gecəki son telefon danışığından dərhal sonra – ertəsi gün Rusiyanın baş diplomatı Sergey Lavrovun postsovet məkanının həssas nöqtələrindən olan Ermənistana səfər etməsi və onun dolayısıyla revanşist erməniləri Qarabağ ocağını yenidən körükləməyə çağırışları bəlkə də Kremlin “keçmiş Sovet məkanı bizimki olub və olacaq” mesajı verməsidir...
Məsələnin ciddiliyini həm də ABŞ-ın sabiq Dövlət katibi Entoni Blinkenin hələ 2022-ci ilin yanvarında, yəni Rusiyanın Ukraynaya təcavüzündən xeyli əvvəl “CNN” kanalına müsahibəsində söylədiyi bu fikirlər göstərir: “Rusiya Sovet İttifaqı dövründə mövcud olan nizamın bərpasına nail olmaq istəyir. Bu, Rusiya Prezidenti Vladimir Putinin məqsədlərindən biridir. Bu isə Kremlin əvvəllər Sovet İttifaqının tərkibində olmuş ölkələr üzərində təsir dairəsini bərpa etmək deməkdir...”
Aydındır ki, çağdaş geo-siyasi və geo-iqtisadi durumda gerçəkdən imperiyanın keçmiş sərhdələrinin bərpasına nail ola bilməsələr də, hər halda Kremlin başda Putin olmaqla xirtdəyəcən zibil, cinayət içində olan rəhbərləri buna cəhdləri son imkanlarınadək davam etdirəcəklər...
Bəs, görəsən, Putini keçmiş SSRİ sərhədləri çərçivəsində imperiyanı de-yure və de-fakto bərpa etməyə ruhlandıran, ona güc verən digər amillər hansılardır? Putinin, Rusiyanın imperiyanı əvvəlki sərhədlərində rəsmən bərpa etmək üçün hansı potensialı, hansı konkret resursları var?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi şərhşi Heydər Oğuz bunları söyləyib:
“Hər bir imperialist dövlətin öz sərhədlərini genişləndirmək, digər ölkələri müstəmləkəyə çevirmək arzuları var və qiyamətə qədər də var olacaq. Amma bu arzuların həyata keçməsi imkanları onun qüdrətindən və hədəf ölkələrin bu işğal prosesinə müqavimət gücündən asılıdır. Putinin sözçülərinin SSRİ yuxusunu görməsi bu mənada təəccüblü deyil. Fəqət bu imperialist arzu sadəcə bir xülyadır və Rusiyanın indiki şəraitdə öz xülyalarını reallaşdırmaq imkanları yox dərəcəsindədir. Bilirsiniz ki, Rusiya bu xəyallarını reallaşdırmaq üçün ilk işə Ukraynadan başlayıb və 2022-ci ildən indiyədək böyük itkilər verməsinə baxmayaraq, öz imperialist arzularını reallaşdıra bilmir və bilməyəcək. Amerikan iş dünyasının nüfuzlu dərgilərindən olan “Forbes”in hesablamalarına görə, Ukraynanın işğalı indiki templə davam edərsə, Rusiyanın bu ölkəni tam ələ keçirməsi üçün 230 il lazım gələcək. Putin bu qədər yaşaya bilərmi, bu suala cavab verməyi sizin ixtiyarınıza buraxıram. Üstəlik, bu müddət ərzində Putinin öz röyasını reallaşdırmaq üçün təxminən 101 milyon Rusiya hərbçisi həlak olmalıdır. Hər il əhalisinin sayı get-gedə azalan Rusiyanın 230 ildən sonra 101 milyon əhalisinin qalıb-qalmaması belə, mübahisəlidir. Mən hələ əsgəri gücündən danışmıram...
Üstəlik, “Forbes” bu hesablamasına Avropa ölkələrinin dirəniş imkanlarını qatmayıb. Çünki həmin hesabat hazırlanan zaman Avropa ölkələri Ukrayna savaşını öz təhlükəsizlik problemi sanmır və Kiyevə layiqincə dəstək vermirdi. İndi isə Avropanın əsas güc mərkəzləri sayılan 3 böyük dövlət - Böyük Britaniya, Fransa və Almaniya Ukraynaya uzaqmənzilli silahların verilməsinə qoyduqları məhdudiyyətləri qaldırıb və ona aldığı bütün silahlardan istifadə etmək hüququ veriblər. ABŞ Senatının 81 üzvü də Rusiyaya qarşı “cəhənnəm sanksiyaları” adlandırdıqları embarqo qanunu layihəsi hazırlayıblar və yaxın günlərdə bu layihənin qəbul olunması gözlənilir. Sözsüz ki, bütün bu təzyiqlər Ukraynanın tam işğal prosesini daha da çətinləşdirir və “Forbes”in hesablamalarındakı qorxunc rəqəmləri dəfələrlə artıra bilər.
Ən əsası isə SSRİ təkcə Rusiya və Ukraynadan ibarət deyildi. Digər 13 respublikanın hər birinin zorla bir ittifaqa qoşmaq planı Putin üçün daha məşəqqətli əmək və qurbanlar vəd edir. Belə ki, Ukrayna xalqı yeri gələndə Rusiya ilə qohum millətdir. Cənubi Qafqaz, Orta Asiya xalqları isə ruslara özgə, yadelli kimi baxırlar. Onları SSRİ kimi müstəmləkəçilik ideyası ətrafında birləşdirmək daha çox qurbanlar tələb edir. Rusiyanın o qurbanları verəcək qüdrətə sahib olduğuna inanmıram...
Deyə bilərsiniz ki, SSRİ qurulanda da vəziyyət təxminən eyni idi, amma rus imperializmi özünü bərpa etməyi bacardı. O zaman niyə indi eyni “möcuzəni” bacarmasın?
Məsələ burasındadır ki, SSRİ qurularkən rus imperiyasını daxilində yaşayan xalqlar milli oyanış prosesini tamamlamamışdı. Çar Rusiyası yenicə dağılmış və insanların bir çoxu hələ keçmiş siyasi ənənələrdən tam uzaqlaşmamışdı. İndi isə post-sovet məkanında yaşayan insanların böyük əksəriyyəti ümumiyyətlə SSRİ-ni görməmiş, müstəqil milli dövlətlərin vətəndaşları kimi yetişmişlər. Onların öz azadlıqlarından vaz keçib hansısa imperiyanın təbəələrinə çevrilməsi mümkün deyil və bu insanlar son nəfəslərinə qədər imperialistlərlə döyüşməyə hazırdırlar. Necə ki, Ukrayna xalqı bunun ən bariz nümunəsini ortaya qoyur. Eyni və hətta daha artıq dirənişin digər post-sovet respublikalarında da baş verməsi Rusiyanı daha tez çökdürər və parçalayar. Bu mənada Putinin və komandasının sözügedən xülyalara qapılacağına inanmıram. Kreml yetkililəri sadəcə keçmiş müttəfiqlərinə qarşı təzyiq göstərmək üçün öz yuxularını danışırlar...
Onu da vurğulamaq istərdim ki, rus yetkililərinin SSRİ xülyasının hüquqi əsası da yoxdur. Post-sovet ölkələri 20-ci əsrin əvvəllərində işğal olunaraq, həmin ittifaqa zorla qoşulmuşdular. Ondan ayrılanda isə beynəlxalq hüquq normalarına söykənib müstəqillik bəyannamələri imzalayıblar və dünyanın nüfuzlu beynəlxalq təşkilatları tərəfindən tanınıblar. Həmin ölkə insanlarının bu iradəsini heç kim dəyişə bilməz və buna təşəbbüs etmək 3-cü Dünya savaşına dəvətnamə göndərmək olardı..."