Avqustun 19-da Günaz TV-yə verdiyim müsahibədə “Axios” nəşrinə istinadən bildirmişdim ki, ABŞ-la İran arasında gizli danışıqlar gedir. Vaşinqton İranda qərarvericilərin kim olduğunu müəyyənləşdirmək üçün birbaşa SEPAH-la əlaqə saxlamağa çalışıb və vasitəçi kimi Şimali İraq Kürd Muxtariyyətinin baş naziri Nəçirvan Bərzani üzərində dayanıb. Bərzaninin üzərində dayanılmasının səbəbi isə vaxtilə ABŞ-ın iki prezidentinin (Obama və Tramp) Milli Təhlükəsizlik üzrə aparıcı mütəxəssisi olan Mak-Gorkun (Mc-Gork) tövsiyəsi olub.
İddialara görə, ABŞ-ın vitse-prezidenti JD Vensin xahişi ilə o vaxtkı Milli Kəşfiyyat direktoru Tulsi Qabbard Bərzaniyə zəng edib və onunla danışıb. Əvvəllər İranda təhsil alan və farsca farslardan yaxşı danışan Nəçirvan Bərzani bu missiyanı öz üzərinə götürüb. O, şəxsən SEPAH-ın lideri Əhməd Vahidi ilə gizli danışıqlar aparıb və ondan İran adından danışıqlar aparan Araqçi və Talibafın nə qədər etibarlı şəxs olduğunu soruşub. Vahidi isə ona bu iki müzakirəçinin sözlərinin SEPAH-ın da mövqeyini ifadə etdiyini bildirib. Bildirilir ki, bu gizli danışıq avqustun 10-da baş tutub və belə qərara gəlinib ki, Əhməd Vahidi Ərbilə gələcək və ABŞ təmsilçiləri ilə orda görüşüb öz mesajını birbaşa Vaşinqtona çatdıracaq. Amma qısa müddətdən sonra Vahidi Ərbilə gəlməkdən imtina edib və bunu İsrailin gözlənilən təxribatı ilə əlaqələndirib. Beləcə danışıqlar baş tutmayıb.
Maraqlıdır ki, Vahidi ilə aparılan gizli danışıqlar 6 gündən sonra 16 avqustda “Axios” nəşrində ifşa olunub. Üzərindən 1 gün keçməmiş isə Nəçirvan Bərzaninin ofisi İran tərəfindən raket atəşinə məruz qalıb. Şəxsən mənim təxminlərimə görə, 17 avqustda baş verən bu sui-qəsd təşəbbüsünün iki mümkün törədicisi ola bilərdi: a) SEPAH; b) İsrail. SEPAH-ın bu gizli danışıqların ifşa olunmasından sonra ABŞ-ın danışıqlarında səmimi olmamasına qənaət gətirdiyi üçün həmin addımı atması mümkündür. İsrail isə danışıqları pozmaq üçün İrandakı agentləri vasitəsilə Bərzaninin ofisini vura bilərdi. Açığını deyim ki, şəxsən mənə b) variantı daha inandırıcı gəlir.
Dərd burasındadır ki, Bərzaninin ofisinə hücumdan 3 sonra – 20 avqust 2026-cı il tarixində ABŞ prezidenti Donald Tramp gözlənilmədən İrana qarşı iqtisadi müharibə elan etdi. O, həmçinin İranla ticari əlaqələri davam etdirən digər ölkələrə qarşı da iqrisadi sanksiyalar tətbiq edəcəyini vurğuladı. Görünən budur ki, Trampı da hücumun İran tərəfindən edildiyinə inandırmışdılar. Prinsipcə, ABŞ prezidenti haqsız da deyil. Hətta bu hücumun arxasında İsrailin dayandığını fərz etsək belə, ortaya belə bir nəticə çıxır: demək ki, İrandakı proseslərə SEPAH da nəzarət etmir. Belə olan halda onunla danışıqlar aparmağa nə hacət?
Yeri gəlmişkən, İsrailin Trampın məlum çıxışından dərhal sonra Suriyanın Əbu əl-Zühur hərbi bazasını vurması da təsadüfə bənzəmir. Netanyuhunun açıq etirafına görə, bu hərbi baza Türkiyəyə mesaj vermək üçün vurulmuşdur. Fikrimcə, hücumun əsas səbəblərindən biri də Bərzaninin İranla gizli danışıqlar aparması ilə bağlı ola bilər. Çünki Bərzaninin Türkiyənin təsir dairəsində fəaliyyət göstərdiyi də sirr deyil. Mümkündür ki, Təl-əviv bu hücumla qardaş ölkəyə “sən və yaxınların öz işinizlə məşğul ol, İran məsələsinə qarışmayın” mesajını vermək istəmişdir.
Sual oluna bilər: Trampın iqtisadi müharibə elanından sonra ABŞ-İran danışıqlarının taleyi necə olacaq? Bu elan həm də danışıqların bitməsi, sülh ümidlərinin tamamilə öldüyü anlamına gəlirmi?
Məncə, bu barədə qərar vermək üçün hələ tezdir. Amerikanın məşhur “Washington Examiner” müəllifi Emili Hallasın bildirdiyinə görə, dünən – cümə günü İran prezidenti Məsud Pezeşkiyan çıxış edərək İrandakı müharibə tərəfdarlarını sərt tənqid atəşinə tutub. O, hətta bir az da uzağa gedərək, “radikal sərt xətt tərəfdarları ilə münasibətlərini kəsdiyini” bildirib.
Müəllifin iddiasına görə, Pezeşkiyan Vaşinqtonun Tehrana milyardlarla dollara başa gələn İran limanlarını blokadaya alması və Prezident Donald Trampın çərşənbə günü elan etdiyi Tehranı hədəf alan "İqtisadi D Günü" kampaniyası fonunda müharibənin İrana ağır iqtisadi təsirini etiraf edib.
"Müharibəni bu gün, hakimiyyətdə olduğumuz, bütün dünya qələbəmizi etiraf etdiyi və Amerikanın bütün qaydalara zidd olaraq məktəblərimizə, xəstəxanalarımıza və infrastrukturumuza hücum etdiyini və dünyada nifrətlə qarşılandığı zaman bitirmək daha yaxşıdır", - Pezeşkiyan çıxışında deyib.
İran prezidenti həmçinin sülh sazişinə qarşı çıxan həmkarlarını da danlayıb.
“Bəzi insanlar müharibə dairəsindən kənarda oturublar; hökumətin, parlamentin və komandirlərin vəziyyətini bilmədikləri üçün heç bir əzab və ya çətinlik yaşamadıqları halda şərhlər və təhlillər verirlər və sonra bunun bədəli barədə danışırlar”, - deyə Pezeşkiyan bildirib: “Onlar bu müqavilədə İran qarşısında öhdəlik qoyan bir bənd belə tapmırlar; çünki bütün öhdəliklər digər tərəflə bağlıdır. İnflyasiya problemlərini və müharibədən irəli gələn məsələləri tənqid etmək bəzilərinin şüarları ilə uyğun gəlmir. Şüarları səsləndirəndə onların ciddiliyini də qəbul etməliyik.”
Yazıda qeyd olunur ki, Pezeşkianın sərt xətt tərəfdarlarına iradları, ABŞ vitse-prezident JD Vensin ötən ay ABŞ danışıqçılarının İranla iki qrup insanla məşğul olduğunu söyləməsindən sonra gəlir: O, (yəni Vens-H.O) {İranda} praqmatistlərin və “dəli insanların” olduğunu, hətta ABŞ İranı “unudub” atsa belə, Hörmüz boğazında nəqliyyatın hərəkətini pozmağa davam edəcəklərini söyləmişdi. Co Roqanla müsahibə zamanı Vens İrana quru müharibəsi ilə hücum etməkdənsə, "iqtisadi təsir nöqtələrindən istifadə etdiyimiz incə diplomatik rəqs" etməyi üstün tutduğunu bildirmiş və "boğazlarda gəmilərə atəş açmaq çox asandır" deyə bir həll yolu tapmaq üçün praqmatistlərlə danışmağa üstünlük verəcəyini iddia etmişdi.
Pezeşkiyanın İranın hələ də üstünlük təşkil etdiyinə inandığı halda, indi "qələbə" elan etməsi üçün təkid etməsi, ABŞ-ın boğaz yaxınlığındakı İran limanlarına daxil olan və ya çıxan gəmilərə tətbiq etdiyi blokadanın İran iqtisadiyyatına ciddi təsir göstərdiyi və may ayının əvvəlinə qədər neft gəlirlərində təxminən 5 milyard dollar itirdiyi bir vaxta təsadüf edir. İran-Çin Ticarət Palatasının rəhbəri ötən həftə dəniz blokadasının davam edəcəyi təqdirdə İrana ildə 18 milyard dollara başa gələ biləcəyini bildirmişdi”, - məqalədə qeyd olunur.
Məqalədə irəli sürülən bir iddia isə mənim irəli sürdüyüm bir başqa iddianı təsdiqləyir. Qeyd edim ki, bir müddət əvvəl ABŞ-ın Enerji naziri Kris Rayt (Chris Wright) X hesabından paylaşdığı bir açıqlamasını şərh edərkən Hörmüz boğazının İranın nəzarətindən çıxdığını bildirmişdim (Bu barədəki düşüncələrimə aşağıda təqdim etdiyim video-müsahibədə tanış ola bilərsiniz ).
“Washington Examiner” müəllifi Emili Hallas da bu iddianı təsdiqləyərək yazır:
“Bundan əlavə, Tehran, İran və Oman arasında yerləşən Hörmüz boğazı üzərində əhəmiyyətli təsir imkanlarını itirmiş kimi görünür. ABŞ hər gün milyonlarla barel neft daşımaq üçün dar su yolu ilə bir gəmiçilik dəhlizi yaradıb. Məlumatlar göstərir ki, son iki həftə ərzində Hörmüz boğazından keçən gəmilərin 80%-dən çoxu İranın qəti şəkildə qarşı çıxdığı Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsdiqlənmiş və ABŞ tərəfindən qorunan gəmiçilik kanalı olan Oman marşrutu ilə hərəkət edib”.
Qısası, “Washington Examiner”in iddiası doğrudursa, İranın ABŞ-la danışıqlar aparıb ortaq məxrəcə gəlməkdən başqa çarəsi qalmayıb. Təbii ki, İsrailin təxribatları imkan verərsə...
Heydər Oğuz - "DİA-AZ"

















