Ali Məhkəmədə Salyanda adam oğurluğunda və mənzil toxunulmazlığını pozmada təqsirləndirilən Abdulla İbişov, əmisi oğlu Zabil İbişovun və Rəvan Məmmədovun (ad və soyadları şərtidir) barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya protesti təmin edilib, Şirvan Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib, cinayət işi yeni apellyasiya baxışına təyin olunub.
İttihama görə, hadisə 09 iyun 2024-cü il tarixdə Salyan rayonu ərazisində yerləşən kəndlərin birində qeydə alınıb.
Belə ki, kənd sakini Abdulla İbişov əmisi oğlu Zabil İbişov və dostu Məmmədovla görüşərək onlardan sevdiyi qızın – Ləman Babayevin (adı, soyadı şərtidir) qaçırılmasına yardım etmələrini istəyib. O, buna görə qızla yanaşı anasının da məlumatlı olduğunu deyərək onların arxayın hərəkət etmələrini istəyib.
Həmin şəxslər planlaşdırıldığı kimi Ləmanın yaşadığı ünvana gələrək qarşılarına çıxan ev sahibi, qızın atası, zərərçəkmiş Ələskər Babayevə (adı, soyadı şərtidir) özülərini elektrik şəbəkəsinin işçiləri kimi təqdim edərək əvvəlcə içməyə su istəyiblər. Ev sahibi gedib çağırılmamış qonaqlara su gətirib.
Abdulla suyu içdikdən sonra stəkanı Ələskərin başına vuraraq onun tutub saxlanılmasını Zabilə həvalə edib. Ev sahibini müqavimətsiz vəziyyətə gətirdikdən sonra Abdulla evə daxil olaraq zorla Ləmanı evdən çıxararaq avtomobilə əyləşdirib. Bundan sonra hər üçü hadisə yerindən uzaqlaşaraq Abdullanın yaşadığı evə gəlib. Sonra onlar qızı Abdullanın anasına təhvil veriblər. Daha sonra Abdulla qızın ailəsinin polisə şikayət etdiyini bilib Salyanı tərk edərək Bakıya qaçıb.
Polisin keçirdiyi əməliyyat nəticəsində hadisədə iştirak etmiş hər üç şəxs saxlanılaraq istintaqa cəlb edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Abdulla İbişov və Zabil İbişovun hər biri 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş, Rəvan Məmmədov isə 3 il sınaq müddəti olmaqla şərti cəza alıb. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü Zabil İbişovun cəza təyin edilməsi hissəsində dəyişdirilib. Onun barəsində 4 il 2 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub.






















