Rusiyada benzinin qıtlığı və yanacaq bazarında yaranan problemlər ölkə sərhədlərini aşaraq Rusiyadan böyük həcmdə neft məhsulları alan ölkələrə də təsir göstərməyə başlayıb.
Modern.az xatırladır ki, Rusiyada may ayından başlayan yanacaq böhranı avqustda yenidən kəskinləşib. Ukraynanın neft emalı zavodlarına hücumları, mövsümi tələbatın artması və emal güclərinin sıradan çıxması fonunda ölkənin müxtəlif regionlarında benzin çatışmazlığı yaranıb. Ən azı 10 regionda yanacaq satışına müxtəlif məhdudiyyətlər yenidən tətbiq edilib, Moskva ətrafında isə yanacaqdoldurma məntəqələrinin qarşısında uzun növbələr yaranıb.
Rusiyanın özü artıq yanacaq idxal etməyə başlayıb. Hindistandan təxminən 68 min ton benzin yükünün Rusiyaya çatdırıldığı, Belarus və Qazaxıstandan dəmir yolu ilə yanacaq tədarükünün artırıldığı bildirilir. Moskva daxili bazarı sabitləşdirmək üçün benzin ixracına da məhdudiyyətlər tətbiq edib.
Bu vəziyyət Rusiyadan yanacaq idxalından ciddi şəkildə asılı olan Mərkəzi Asiya ölkələrini də çətin vəziyyətə salıb.
Rusiyadan asılı ölkələr sırasında Monqolustan da var. Bu ölkədə yanacaq bazarı Rusiyadan gələn tədarükdən yüksək dərəcədə asılıdır. Yanacaq çatışmazlığı fonunda ölkədə benzin satışının məhdudlaşdırılması və avtomobillərin dövlət nömrə nişanlarının cüt və ya tək olmasına görə yanacaq doldurulması kimi tədbirlər gündəmə gəlib.
Qırğızıstan da ölkə benzinin 90 faizindən çoxunu Rusiyadan alır. Rusiya tədarükündə yaranan problemlərdən sonra Bişkek Qazaxıstan, Belarus, Azərbaycan, Özbəkistan və Türkmənistandan yanacaq tədarükünün artırılmasını istəyib. Ölkənin bəzi yanacaqdoldurma məntəqələrində AI-95 benzini ilə bağlı çatışmazlıq da qeydə alınıb.
Tacikistanın neft məhsulları idxalında Rusiyanın payı 2026-cı ilin ilk yarısında 91,1 faiz təşkil edib. Yanvar-iyun aylarında ölkəyə təxminən 600 min ton neft məhsulu idxal olunub.
Özbəkistan isə Mərkəzi Asiyanın digər dövlətlərindən fərqli olaraq öz neft emalı və istehsal imkanlarına malikdir. Buna görə Rusiyadakı böhranın təsiri nisbətən məhdud olsa da, artan daxili tələbat və idxaldan asılılığın yüksəlməsi bazara təzyiq yaradır. Özbəkistanda benzin, dizel və aviasiya yanacağı bazarında gərginliyin artdığı bildirilir.
Bu vəziyyət Rusiyanın regiondakı yanacaq bazarında uzun illər ərzində formalaşdırdığı dominant mövqeyin də sarsıldığını göstərir. Mərkəzi Asiya ölkələri hazırda Qazaxıstan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Belarus, Çin və digər alternativ mənbələrdən tədarük imkanlarını genişləndirməyə çalışırlar.
Ermənistan isə Rusiyadan asılılığını əvvəlcədən azaltmağa başlayıb. Əvvəllər Ermənistanın yanacaq idxalında Rusiyanın payı çox yüksək olsa da, son illərdə tədarük coğrafiyası genişlənib. 2026-cı ilin ilk rübündə Ermənistana idxal olunan benzinin yalnız 7,4 faizi Rusiyanın payına düşüb. Həmin dövrdə əsas tədarükçülər Bolqarıstan, Rumıniya və Belçika olub. Azərbaycanın da Ermənistanın benzin idxalında payı 5,2 faiz təşkil edib.
Bu səbəbdən Rusiyadakı yanacaq böhranının Ermənistan bazarına təsiri digər yüksək asılı ölkələrlə müqayisədə daha məhdud olub. Bununla belə, Ermənistanda da yanacağın qiyməti artır. Ermənistanın rəsmi statistikasına istinad edən məlumatlara görə, 2026-cı ilin iyulunda benzin illik ifadədə 7,4 faiz, dizel yanacağı isə 14,3 faiz bahalaşıb.
Beləliklə, Rusiyada başlayan yanacaq böhranı artıq yalnız daxili bazarın problemi deyil. Moskvanın özünün xaricdən benzin almağa başlaması və qonşu ölkələrə tədarükün azalması Rusiyanın enerji ixracatçısı kimi mövqeyinin üzləşdiyi yeni təzyiqi göstərir.






















