“Yaş həddinə görə Loğman müəllimi teatrdan çıxarıb, qoydular kənara. 65 yaşı tamam oldu. Xalq artistlərini 70 yaşa kimi saxlayırlar, Əməkdar artistləri isə 65 yaşında işdən çıxarırlar. Bu qərar doğru deyil. Ümumiyyətlə əgər aktyorun enerjisi varsa, imkanı çatır səhnəyə çıxmağa, monoloq deyə bilirsə, tamaşaçı həmin aktyora inanırsa onu niyə teatrdan uzaqlaşdırırsan? Həmçinin də rejissorları.. Sənətsiz Loğmana çox çətindir. Çox vaxt bədii gecələr hazırlayır. İndi də ona dəvətlər gəlir, tədbirlərin hazırlanması ilə məşğul olur. Bu iş deyil də. İnsanın daimi işi olmalıdır”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Valeh Kərimov qardaşı, tanınmış rejissor, Əməkdar artist Loğman Kərimov haqda deyib.
O daha sonra qardaşı ilə danışmadığı barədə şayələri də yalanlayıb:
“Bu illər əvvəl jurnalistlərin maraq yaratmaq istəyi idi. Deyirdilər ki, aralarında sənət qısqanclığı var. Loğmanı mən niyə qısqanım ki? 15 yaş ondan böyüyəm. Eyni rolu oynamırıq, eyni səhnəni bölüşmürük. Mən heç dostlarımı qısqanmamışam, o ki, qalsın qardaşımı qısqanım. Nə o mənə dəstək olub, nə də Loğmanın mənim dəstəyimə ehtiyacı olub. Hərə öz sənəti ilə məşğul olub. Mən ömür boyu Sumqayıt teatrında, Loğman isə Gənc Tamaşaçılar Teatrında işləyib. Eyni teatrda da çalışmamışıq ki, deyim mənə rol verməyib. Loğman Əliağa Vahid rolunu gözəl yaradıb. Bəyənənlər də var, bəyənməyənlər də. Bu böyük bir tarixdir”.




















