Ermənistan Baş naziri Nikol Paşinyan uzun müddət sonra anklavlar məsələsinə toxunub. Onun sözlərinə görə, razılaşdırılmış delimitasiya prinsipinə uyğun olaraq, Başkənd Ermənistan ərazisidir, Kərki, Barxudarlı və Yuxarı Əskipara isə deyil:
“Ermənistan və Azərbaycan 1991-ci il Almatı Bəyannaməsinə əsasən delimitasiya aparmaq barədə razılığa gəliblər. Bəyannaməyə əsasən, SSRİ-nin dağılması zamanı keçmiş sovet respublikalarının inzibati sərhədləri dövlətlərarası sərhəd kimi tanınır”.
Ermənistan-Azərbaycan arasında delimitasiya və demarkasiya prosesi davam etsə də, uzun müddətdir ki, xüsusi yenilik və ya razılaşma yoxdur. Olsa belə, hələlik ictimaiyyətlə bölüşülmür. Əslində, bu, başadüşüləndir. Belə ki, Bakı üçün əsas məsələ iki ölkə arasında yekun sülh sazişinin imzalanmasıdır. Delimitasiya və demarkasiya prosesi isə sülh müqaviləsi imzalandıqdan sonra da davam edə bilər.
Paşinyanın qeyd etdiyi kimi, İrəvan və Bakı arasında Başkəndin Ermənistan ərazisi olmasına dair ictimaiyyətə açıqlanan rəsmi məlumat yoxdur. Düzdür, iki ölkə bir-birinə qarşı ərazi iddiası irəli sürməyəcəyini bildirib. O da düzdür ki, Ermənistan və Azərbaycan 1991-ci il Almatı Bəyannaməsinə əsasən delimitasiya aparmaq barədə razılığa gəliblər. Lakin bu, bütövlükdə anklav-eksklav məsələsinin həlli demək deyil. Rəsmi Bakıdan bununla bağlı açıqlama verilməyib.
Ümumiyyətlə, Azərbaycanın anklav-eksklavlarla bağlı necə bir yol xəritəsi izləyəcəyini indidən demək çətindir.
Kərki kəndi inzibati olaraq Naxçıvan Muxtar Respublikasının bir parçası olsa da, Ermənistanın daxilindədir. İrəvan Azərbaycandan Naxçıvana maneəsiz hərəkətin təmin ediləcəyi öhdəliyini götürsə də, bunun Kərkiyə şamil olunub-olunmayacağı bəlli deyil.
Başkəndlə bağlı durum isə ən qəliz məsələdir. Paşinyan Başkəndi Ermənistan ərazisi adlandırıb, lakin Bakının bunu qəbul etdiyinə dair rəsmi məlumat yoxdur.
Beynəlxalq təcrübədə anklav-eksklav məsələləri bir neçə variant üzrə həll edilir:
Birincisi, tərəflər razılaşdırılmış əsasda qarşılıqlı şəkildə anklav və eksklavlarından imtina edir.
İkincisi, tərəflər qarşılıqlı və ya birtərəfli şəkildə güzəştə gedir.
Əslində, bu siyahını uzatmaq olar. Lakin bu, nəticəni dəyişmir. İrəvandan fərqli olaraq, Bakı üçün hələlik anklav-eksklav məsələsi sülh sazişindən sonra gəlir. Əgər delimitasiya-demarkasiya prosesini sülh danışıqlarına daşısaq, bu, prosesi uzadar və çıxılmaz vəziyyətə salar. Bu isə ancaq sülhün olmasını istəməyən qüvvələrin maraqlarına xidmət etmiş olar.
Turan Rzayev
Globalinfo.az





















