“Rusiya Avropa Birliyi üçün sistemli və əhəmiyyətli qaz təchizatçısı olmaqdan çıxıb, uzunmüddətli azalma davam edir. Rusiyadan nəql həcmləri əhəmiyyətli olaraq qalır, lakin o, artıq Avropanın qaz bazarının onurğa sütunu deyil”.
Musavat.com xəbər verir ki, Sərhədsiz Ticarət Təşkilatı bu qənaətdədir.
Təşkilatın məlumatına görə, Norveç bütün idxalın 37,4 faizini təmin etməklə Avropa İttifaqının əsas qaz təchizatçısına çevrilib:
“Bu həcmin demək olar ki, hamısı boru kəməri vasitəsilə həyata keçirilir. Bundan əlavə, Əlcəzairin Avropaya çatdırılan boru kəməri qazında payı 12,5 faiz, Rusiyanın payı 6,7 faiz, Azərbaycanın payı 4,6 faiz və Liviyanın payı cəmi 0,1 faizdir. Lakin möcüzəvi enerji keçidi baş verməyib. Avropa itirilmiş boru kəməri həcmlərini əsasən bütün idxalın 38,7 faizini təşkil edən maye qazla əvəz edib. Bu, o deməkdir ki, Avropa bazarının təxminən beşdə ikisi hazırda tankerlərin, yenidən qazlaşdırma terminallarının mövcudluğundan, qlobal bazardakı vəziyyətdən və eyni yüklər üçün Asiya ilə rəqabətdən asılıdır”.
Məlumatda bildirilir ki, Amerika Birləşmiş Ştatları Aİ-nin ümumi qaz idxalının 22,1 faizini təşkil edən LNG-nin aparıcı təchizatçısına çevrilib: “Bu, Rusiya, Əlcəzair və ya Azərbaycanın boru kəməri ilə təchiz etdiyindən daha çoxdur. Avropa bazarından sıxışdırmaq üçün edilən bütün cəhdlərə baxmayaraq, Rusiya LNG-si hələ də idxalın təxminən 6 faizini təşkil edir”.
Qeyd edək ki, hazırda Aİ-nin qaz anbarları 62 faiz doludur, onlara qaz vurulması davam edir. Avropa bazarında payının 90 faizini itirən Rusiyanın “Qazprom” şirkətinin müntəzəm olaraq Aİ-nin qışda qaz çatışmazlığı ilə üzləşəcəyinə dair iddialarına rəğmən, Avropa Komissiyası vəziyyətdən narahat deyil. Komissiyanın nümayəndəsi Yeva Xrançirova bəyan edib ki, payıza qədər anbarlara gözlənilən vurulma və mövcud bazar konyukturu Aİ-nin qışda hər hansı problemlə üzləşməyəcəyini göstərir. Bu səbəbdən də AK hər hansı əlavə tədbirlər görmək niyyətində deyil.
Qeyd edək ki, Avropa İttifaqı Rusiyadan həm maye, həm də boru qazının idxalının tamamilə dayandırılması qərarını dəqiqliklə icra edir. Belə ki, Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalına 1 yanvar 2027-ci il tarixində, boru kəməri qazına isə 30 sentyabr 2027-ci il tarixində tam embarqo qoyulması planlaşdırılır. Aİ hazırda üçüncü mərhələdədir: qısamüddətli müqavilələr çərçivəsində mayeləşdirilmiş təbii qazın alınması 25 apreldə qadağan edilib, 17 iyun 2026-cı ildə isə qısamüddətli müqavilələr çərçivəsində Rusiya boru kəməri qazının alınmasını rəsmi olaraq qadağan olundu.
Tam qadağalar qüvvəyə minənədək həm Avropa şirkətləri, həm də Rusiya tərəfi maksimum çox qaz ticarətinə nail olmağa çalışırlar. Rusiya prezidenti Vladimir Putin Avropa Şurası ölkədən qaz alışının tam dayandırılması qrafikini təsdiqlədiyi 2026-cı ilin yanvarında Aİ-nin qoyduğu müddəti gözləmədən qaz satışını dayandırmağı təklif etdi. Lakin Ukraynadakı işğalçı müharibənin tükətdiyi Rusiya büdcəsinin Avropadan əldə olunan gəlirlərə kəskin ehtiyacı Putinin istəyinin reallaşdırılmasına mane oldu. Üstəlik, Avropaya bütün qalan kanallarla qaz ixracını artırmağa başladı: yanvar-iyulda Avropaya maye qaz tədarükü 11 faiz artaraq 9,8 milyon tona çatıb.
Rusiya həmçinin Avropaya yeganə boru qazı tədarükü yolu olan “Türk axını” kəməri ilə Macarıstan, Serbiya və Slovakiyaya qaz nəqlini 3,4 faiz artırıb. İyul ayında Rusiyanın bu marşrutla Avropaya qaz ixracı iyun ayı ilə müqayisədə 39 faiz artaraq 1,5 milyard kubmetrə çatıb. Lakin bu həcm 2025-ci ilin iyul ayı ilə müqayisədə 5 faiz azalma deməkdir. Yeddi ayda bu xətlə Rusiyanın Avropaya qaz ixracı ümumilikdə 10,25 milyard kubmetr təşkil edib.
Rusiya Avropa bazarında alınmayan qaz həcmlərini Mərkəzi Asiya ölkələri və Çinə yönləndirməyə çalışsa da, bu istiqamətdə ciddi irəliləyişə nail ola bilmir. Xüsusilə Çin Putinin şəxsi təşəbbüsü olan “Sibirin Gücü 2” kəmərinin tikintisinə maraq göstərmir. Eyni zamanda Azərbaycan öz ərazisindən İrana planlaşdırılan 55 milyard kubmetr gücündə kəmərin çəkilməsi təşəbbüsünə etinasız yanaşır.
Azərbaycan Avropa bazarında qaza tələbatı nəzərə alaraq qaz ixracını artırmağa çalışır. Avrop Komissiyasının prezidenti Ursula fon der Lyayenin Bakıya Ukrayna müharibəsi başlayandan bəri ikinci səfərində də Azərbaycandan Avropaya enerji ixracının artırılması məsələsi müzakirə olunub. Lakin elə Aİ-nin öz qaydaları buna mane olur.
Belə ki, Azərbaycanın Avropaya qaz ixracını artırması üçün Cənub Qaz Dəhlizinin hər üç seqmentində genişləndirmə işləri aparılmalıdır – Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP. Aİ-nin qəbul etdiyi tələbə əsasən Avropa maliyyə qurumlarının ənənəvi enerji mənbələrinin kəşfiyyatı, hasilatı və nəqlinə sərmayə yatırmaları qadağan olunub. Bu isə CQD-nin genişləndirilməsi layihələrinin maliyyələşməsinə imkan vermir. Buna görə Azərbaycan həm də Fransanın TotalEnergy şirkəti ilə birlikdə işlənən “Abşeron” qaz yatağının işlənməsinin ikinci mərhələsinə başlaya bilmir.
Bütün bunlara baxmayaraq, Azərbaycandan Avropa qaz ixracı artırılır. Rəsmi statistikaya əsasən bu ilin birinci yarısında Avropaya ötən ilin eyni dövründəkindən 3 faiz çox – 5,9 milyard kubmetr qaz ixrac edib. Aİ-nin 9 ölkəsi Azərbaycandan qaz alır. Lakin aydın məsələdir ki, zəruri yatırımlar olmasa, yaxınmüddətli dövrdə Avropaya qaz ixracını artırmaq mümkün olmayacaq.
Azərbaycan hazırda Avropaya qazı daha çox uzunmüddətli müqavilələr əsasında satır. Bu satışdan, ümumilikdə qaz ixracından əldə olunan gəlirlərdə azalma müşahidə olunur. Rəsmi statistikaya əsasən yanvar-iyulda Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 22,8 milyard kub metr təşkil edib. Bu, illik ifadədə 1,0 faiz artım deməkdir.
Yeddi ayda Azərbaycanın cəmi qaz ixracı isə 0,1 faiz artaraq, 14,43 milyard kubmetrə yüksəlsə də, bu satışdan daxil olan gəlir 7,3 faiz azalmaqla 5,27 milyard dollardan 4,88 milyard dollara düşüb.
Azərbaycandan Avropaya qaz əsasən “Şahdəniz” yatağından ixrac edilir. Maliyyə Nazirliyinin açıqladığı hesabatdan aydın olur ki, birinci yarımildə dövlət büdcəsinə bu yataqdan 730,4 milyon manat mənfəət vergisi daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 203,9 milyon manata bərabər olmuşdu. Bu isə onun 473,5 milyon manat, yaxud 39,3 faiz azaldığından xəbər verir.
Bu azalma “Şahdəniz” qazının uzunmüddətli müqavilələr üzrə satışı ilə bağlıdır. Belə müqavilələrdə qazın dəyəri neft qiymətlərinə bağlı olaraq dəyişir: neft qiymətlərindəki dəyişiklik belə müqavilələr üzrə dəyərə 6 aydan sonra təsir edir. Buna görə də Azərbaycan hökuməti mart ayından bəri davam edən ABŞ-İran münaqişəsinin neft qiymətlərinə artırıcı təsirini nəzərə alaraq “Şahdəniz”dən büdcəyə daxilolmalara dair proqnozunu artırıb. Hökumət gözləyir ki, ilin yekununda büdcəyə “Şahdəniz” layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi şəklində 2 milyard manat daxil olacaq.
Maliyyə Nazirliyinin açıqladığı sənədə əsasən ilin ikinci yarısı üçün 2026-cı il dövlət büdcəsinin gözlənilən daxilolmalarının hesablanması zamanı Azərbaycan qazının bütün istiqamətlər üzrə 1000 kubmetrinin orta satış qiyməti 35 dollar artırılaraq 296 dollar müəyyən edilib. Qiymət artımı ilə əlaqədar “Şahdəniz” layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi daxilolmalarının 400 milyon manat və ya 25 faiz artacağı gözlənilir.





















