
Avropa İttifaqının (Aİ) 19 üzv ölkəsi bu ilin əvvəlindən bəri İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı 14 mindən çox onlayn paylaşım və linki hədəfə alıb. Bu barədə blokun hüquq-mühafizə agentliyi olan "Europol" məlumat yayıb. Aİ bu ilin əvvəlində SEPAH-ı rəsmən terror təşkilatları siyahısına daxil edib.
"Europol"un koordinasiya etdiyi xüsusi əməliyyat fevralın 13-dən aprelin 28-dək davam edib. Əməliyyat sayəsində SEPAH-ın sosial mediada reklam olunmasının, sıralarına yeni adamlar toplamasının və pul yığmasının qarşısı alınıb.
Agentliyin mayın 18-də yaydığı bəyanatda bildirilir ki, müstəntiqlər ingilis, fars, ərəb, fransız və ispan dilləri daxil olmaqla, müxtəlif dillərdə radikal materiallar aşkarlayıblar. Həmin materiallarda dini şəhidlik narrativlərini siyasi mesajlarla birləşdirən çıxışlar, SEPAH-ın fəaliyyətini tərifləyən və süni intellektlə (AI) hazırlanmış videolar, həmçinin İranın ali lideri Əli Xameneinin qisasını almağa çağırışlar yer alıb. Xamenei ABŞ və İsrail ilə hərbi münaqişənin başlanğıcında — fevralın 28-də endirilən hava zərbəsi nəticəsində öldürülüb.
"Europol"un məlumatına görə, SEPAH-ın 150 mindən çox izləyicisi olan əsas "X" hesabı əməliyyatdan sonra Avropa İttifaqı məkanında tamamilə bloklanıb.
Mütəxəssislər müəyyən ediblər ki, SEPAH internet şəbəkəsini böyütmək üçün müxtəlif ölkələrdə rəqəmsal pul (kriptovalyuta) köçürmələrindən və xüsusi hostinq xidmətlərindən yararlanıb.
"DİA-AZ"










