Putin ABŞ seçkisinə müdaxiləylə bağlı deyilənləri danır
Tarix: 5-06-2017, 09:11 |
Çap et
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trump-la bağlı əlində kompromat olması haqda deyilənləri təkzib edib. O, Moskvanın 2016-cı il ABŞ prezident seçkisinə müdaxilə etmədiyini də dilə gətirib.
Putin iyunun 4-də ABŞ-ın NBC telekanalının «Sunday Night with Megyn Kelly» proqramına müsahibə verib. O deyib ki, əlində Trump-a ziyan vuracaq informasiya barədə məlumatlar daha bir cəfəngiyatdır: «Bütün bu məlumatları haradan alırıq?».
Putin-in dedikləri proqramda ruscadan ingiliscəyə tərcümə olunub.
O söyləyib ki, Moskvanın, ABŞ-ın çoxsaylı kəşfiyyat agentliklərinin iddia etdiyi kimi, prezident seçkisinə müdaxiləsinə ehtiyac yoxdur.
«Bunu etməyə ehtiyac da yoxdur. Prezidentlər gəlirlər, gedirlər, hətta hakimiyyətdəki partiyalar belə dəyişirlər, ancaq əsas siyasi kurs dəyişmir», – Putin deyib.
Putin ABŞ prezidentiylə «xüsusi münasibəti» olmadığını bildirib.
Hazırda ABŞ kəşfiyyat orqanları Rusiya rəsmilərinin ötənilki prezident seçkisi kampaniyasına mümkün təsirini araşdırır.