Suriyayla bağlı razılaşmaya yaxınlaşdıqlarını deyirlər
Tarix: 5-09-2016, 08:33 |
Çap et
Moskvayla Vaşinqton bildirirlər ki, Suriyada atəşkəslə bağlı razılaşmaya yaxındırlar, amma hələ də xeyli vaxt lazımdır. Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov sentyabrın 4-də deyib ki, «razılaşmaya yaxınıq... Amma diplomatiya sənətində icraya zaman lazımdır. Danışıqların iflasa uğrayacağını düşünməyə heç bir səbəb yoxdur».
Ryabkov Çində G20 iqtisadi sammiti çərçivəsində danışıb.
Həmin gün ABŞ prezidenti Barack Obama bildirib ki, Suriyada döyüşlərə son qoymaqdan ötrü Rusiyayla danışıqlar vacibdir, amma danışıqlar çətin gedir.
«Həm dəstəklədiyimiz tərəflər, həm də Suriyada sülhün bərqərar olmasından ötrü tələb olunan proseslə bağlı rusiyalılarla ciddi fikir ayrılıqlarımız var».
ABŞ dövlət katibi John Kerry və Rusiyanın xarici işlər naziri Sergei Lavrov həftələrdir Suriyada əməkdaşlığa dair danışıqlar aparırlar. Məqsəd «İslam Dövləti» qruplaşması və digər ekstremistlərlə mübarizədə ABŞ-Rusiya hərbi əməkdaşlığını gücləndirməkdir.