Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb ki, Nərimanovdakı pərçimlənmiş bina hələ Fövqəladə Hallar Nazirliyi yaranmazdan əvvəl, 2004-2005-ci illərdə “Səbinə” MTK tərəfindən tikilib:
“Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 112 ünvanda yerləşən yaşayış və qeyri-yaşayış binası barədə bildiririk ki, sözügedən tikililər “Səbinə” MTK tərəfindən Fövqəladə Hallar Nazirliyi yaranmazdan əvvəl, 2004-2005-ci illərdə inşa edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən istismara hazırlıq aktı rəsmiləşdirilməmişdir".
"Mətbuat da FHN-in bu yalanını araşdırmadan olduğu kimi yayıb. Yalan olan nədir?" "DİA-AZ" xəbər verir ki, bunu isə özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Cavanşir Həsənli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Əvvəla sözügedən binanı "Səbinə" MTK yox, "Borçalı" MTK tikib.
İkincisi, qeyd olunan ünvan azdırıcıdır və sözügedən binaya aid deyil. Sizə heç uzağa getmədən google-map-dan skrin elədiyim şəkli paylaşıram. Hazırda "Azərkreditinvest"in yerləşdiyi pərçimlənmiş binanın ünvanı Fətəli xan Xoyski 108b-dir. FHN "boynundan atdığı" binanın ünvanının 112 olduğunu deyir, hansı ki, ilk mərtəbəsində "Yaşam" klinikası yerləşir və arxa tərəfdə qalır. "Səbinə" MTK-nın tikdiyi binanın ünvanı isə 118-dir, daha aralıdır.
Üstəlik sonuncu şəkildə alqı-satqı elanında həmin binada satılan mənzillə bağlı məlumatda mənzilin kupçalı olduğu haqda məlumat qeyd olunur. Bu necə istismara hazırlıq aktı rəsmiləşdirilməmiş binadır ki, ordakı mənzillərə kupça verilib, hətta həmin binadan dövlət hərracı yolu ilə yarım milyon manata mənzil satışa çıxarılır?! Ünvan yalan, tikən şirkətin adı azdırıcı, binaya istismara hazırlıq aktı verilməməsi ilə bağlı məlumat həqiqətdən uzaq...
Yəni bir dövlət qurumu yaxasını kənara çəkmək üçün necə bu boyda yalan uydura bilər?!"








