
Bakıda fəaliyyət göstərən tibb müəssisələrindən birində həyata keçirilən uğursuz estetik əməliyyat ciddi narazılığa səbəb olub. Pasiyent Gülzar Mikayılova “Dəniz Hospital”da keçirdiyi cərrahi müdaxilədən sonra üzündə ağır deformasiyaların yarandığını iddia edir.
Paytaxt sakini sosial şəbəkədə qarşılaşdığı kampaniyaya inanaraq sözügedən xəstəxanaya müraciət edib. Şikayətçinin sözlərinə görə, o, əməliyyatı “TikTok”da canlı yayım edən həkimin icra edəcəyini düşünsə də, reallıqda vəziyyət fərqli olub. G. Mikayılova iddia edir ki, masada onu tamamilə başqa bir həkim – Həmid Əsədov əməliyyat edib.
Pasiyent bildirib ki, əməliyyatdan sonra üz nahiyəsində ciddi problemlər yaranıb və o, həkimlə təkrar əlaqə saxlaya bilməyib. Baxmayaraq ki, tərəflər arasında aparılan danışıqlarda ödənişin geri qaytarılacağı vəd edilib, lakin indiyədək heç bir məbləğ ödənilməyib.
Məsələ ilə bağlı ittiham olunan həkim Həmid Əsədov isə fərqli mövqe nümayiş etdirib. O, fəsadların həkim səhvi deyil, pasiyentin qan göstəriciləri ilə bağlı olduğunu müdafiə edib. Hazırda işləmədiyini bəhanə gətirən həkim, yalnız fəaliyyətini bərpa etdikdən sonra ödənişi qaytara biləcəyini qeyd edib.
Hadisənin baş verdiyi “Dəniz Hospital” isə susqunluğunu qoruyur. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Milli.az








