Naxçıvanda andiçmə mərasimindən sonra əsgərlərə yaxınları ilə görüşmək üçün cəmi 3–4 saat vaxt verilməsi valideynlərin narazılığına səbəb olub. Halbuki əvvəllər əsgərlər mərasimdən sonra iki günlük məzuniyyətə buraxılırdı.
Bu dəyişiklik xüsusilə Azərbaycanın digər bölgələrindən övladlarını görmək üçün Naxçıvana gələn ailələrə ciddi çətinlik yaradır.
Bərdə rayon sakini Rasim Quliyev deyir ki, oğlu ilə görüşmək üçün onlara cəmi iki saat vaxt verilib:
“Böyük oğlum da Naxçıvanda xidmət edib. Bir-iki il əvvəl andiçmədən sonra əsgərləri iki günlük məzuniyyətə buraxırdılar. Götürüb otelə gedirdik, birlikdə gəzirdik, vaxt keçirirdik, anasının bişirdiyi yeməklərdən yeyirdi.
İndi isə cəmi iki saat vaxt verdilər. Uşağı doyunca qucaqlaya bilmədik. Anası hələ də ağlayır. O qədər xərc çəkib bura qədər gəlmişik, normal görüş də vermədilər. Başqa bölgələrdə belə deyil”.
Şərur rayon sakini Maqsud Rzayev də yeni qaydadan narazıdır:
“Əvvəllər andiçmədən sonra ən azı iki günlük məzuniyyət verilirdi. Hətta Naxçıvandan olan əsgər, valideyni gələ bilməyən başqa bölgədən bir əsgəri də özü ilə apara bilirdi.
İndi andiçmə mərasimini qəsdən uzadırlar, saat 2–3-ə kimi çəkir. Sonra da deyirlər ki, saat 6-da əsgər hərbi hissədə olmalıdır. Valideynlər o qədər yol gəlir, amma uşaqları ilə cəmi bir neçə saat görüşə bilirlər. Bu, valideynlərə zülmdür”.
"Gündəlik Naxçıvan"















