Rusiya hərbçiləri avqustun 16-da Ukraynanın bir neçə regionuna dron və ballistik raketlərlə zərbə endiriblər. Hücum nəticəsində bir neçə ərazidə yanğın baş verib. "DİA-AZ" xəbər verir ki, Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti Petrovka kitab bazarında genişmiqyaslı yanğının olduğunu açıqlayıb.
Rusiya Müdafiə Nazirliyi isə Kiyevə zərbə endirdiyini, “Flaminqo” raketlərinin istehsal edildiyi “Fire Point” zavodunu vurduğunu açıqlayıb. AzadlıqRadiosu bu məlumatı müstəqil mənbələrdən təsdiqlədə bilməyib.
Rusiya Müdafiə Nazirliyi həmçinin Kremençuqda neft-emalı zavodunu vurduğunu açıqlasa da Ukrayna rəsmiləri bunu təsdiqləməyiblər. Ukrayna rəsmiləri zərbənin açıq əraziyə endirildiyini və buradakı otların yandığını bildiriblər.
Ukrayna Prezidenti Volodimir Zelenski isə Rusiyanın hücumları nəticəsində Kiyevdə 6 nəfər xəsarət aldığını, Krivom Roqda isə 2 nəfər öldüyü, 10 nəfərin yaralandığını açıqlayıb.
Bununla belə Ukrayna da pilotsuz uçuş aparatları ilə Moskva vilayətinə zərbələr endirib. Hücumun hədəfi Moskvanın cənubundakı böyük anbarlar olub. Moskva vilayətinin qubernatoru Andrey Vorobyev Ramenski vilayətində şəxsi evlərdən birinə dron zərbəsi nəticəsində 1 nəfərin öldüyünü, 6 nəfərin yaralandığını açıqlayıb. Qubernator həmçinin “Wildberries” şirkətinə məxsus anbarın da Ukraynanın hücumuna məruz qaldığını bildirib.
Domodedova şəhərindəki tibbi ləvazimatlar anbarının da hücuma məruz qaldığı və yandığını Rusiya rəsmiləri təsdiqləyiblər. AzadlıqRadiosu müəyyən edə bilib ki, bu anbarda “B.İ.Lodcistiks” şirkətinə məxsus avandalıqlar da olub. Adı çəkilən şirkət nüvə materialları və radioaktiv maddələrin saxlanması ilə məşğul olub və onun rəhbəri İqor Mekler 10 il əvvəl öldürülüb.
Rusiya Müdafiə Nazirliyi avqustun 16-da 822 PUA vurduğunu, Moskva meri Sergey Sobyanin isə onun 200-nün Moskva vilayəti üzərində vurulduğunu açıqlayıb. Bununla belə nə qədər PUA-nın vurula bilmədiyi rəsmi açıqlamalarda yer almayıb. Ukrayna hərbçiləri isə Rusiyaya hücumla bağlı şərh verməyiblər.

























