İranda şovinist rejim qüvvələri tərəfindən Güney azərbaycanlı milli fəallara və onların ailə üzvlərinə qarşı repressiya dalğası daha da intensivləşib.
Moderator.az bu haqda İran və digər xarici KİV-ə istinadla xəbər verir.
“ETTELAAT” təhlükəsizlik xidmətinin qanunsuz çağırışına güneyli türk qadından sarsılmaz rədd cavabı...

Əldə olunan ən son məlumatlara görə, Tehrandakı bədnam Evin zindanında ağır şəraitdə saxlanılan tanınmış milli fəal Abbas Lisaninin həyat yoldaşı Rüqəyyə Əlizadə telefon vasitəsilə Ərdəbil Təhlükəsizlik İdarəsinə (“ETTELAAT”) çağırılıb. Rejimin psixoloji basqılarına boyun əyməyən məğrur azərbaycanlı qadın telefonla edilən çağırışın qanunsuz olduğunu bəyan edərək, rəsmi bildiriş (çağırış vərəqəsi) göndərilməyəcəyi təqdirdə idarəyə getməkdən qətiyyətlə imtina edib.
Uzun illərdir həyat yoldaşının ardı-arası kəsilməyən həbsləri və rejimin iqtisadi terroru səbəbindən ağır mənəvi-psixoloji şəraitdə yaşayan Rüqəyyə Əlizadə, eyni zamanda diabet, tiroid, ürək və kəllədaxili təzyiq kimi ciddi xəstəliklərdən əziyyət çəkir.
Beynəlxalq insan haqları təşkilatları xəstə bir qadının bu cür qanunsuz təhdidlərlə üz-üzə qoyulmasını İrandakı hüquqsuzluğun növbəti bariz nümunəsi kimi qiymətləndirirlər...
Evin zindanında 9 aylıq qeyri-müəyyənlik və ağır xəstəliklər...
Milli hərəkatın liderlərindən olan Abbas Lisani artıq 9 aydan çoxdur ki, Evin zindanının nəzarət altında olan xüsusi korpusunda müvəqqəti azadlıq (girov müqabilində) hüququ tanınmadan tamamilə qeyri-müəyyən vəziyyətdə saxlanılır.
Beynəlxalq insan haqları qurumu olan “HRANA” agentliyinin hesabatlarına görə, qocaman fəalın həbsxana şəraitində səhhəti kəskin pisləşib. Onun yüksək qan təzyiqi (190 mm cıvə sütununa qədər yüksələn), bel yırtığı (bel diski) və ciddi ürək problemləri olmasına baxmayaraq, Tehran rejimi onun ixtisaslaşdırılmış xəstəxanalara köçürülməsinə və lazımi tibbi yardım almasına qəsdən mane olur...
Azərbaycanlı fəallara ümumilikdə 40 il amansız həbs hökmü...
Xarici insan hüquqları müdafiəçilərinin və “Hengaw” İnsan Haqları Təşkilatının yaydığı son məlumata görə, rejim məhkəmələri güneyli fəallara qarşı intiqam kampaniyasını rəsmiləşdirib. Belə ki, Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsinin hakimi Məhəmmədrza Əmuzadın çıxardığı amansız hökmə əsasən, birgə qondarma iş üzrə mühakimə olunan 4 azərbaycanlı türk fəala – Abbas Lisani, Əli Xeyrcu, Yusif Kari və Behzad Dəştiyə ümumilikdə 40 il həbs cəzası kəsilib.
Məhkəmənin ədalətsiz qərarının detalları belədir:

Abbas Lisani: Sözdə "ölkə təhlükəsizliyini pozmaq məqsədilə türk separatçı qrupu yaratmaq və ona rəhbərlik etmək" ittihamı ilə ümumilikdə 15 il həbs cəzasına məhkum edilib (qanunvericiliyə görə bunun 10 ili icra olunmalıdır)...
Yusif Kari və Behzad Dəşti:
Eyni qondarma qrupa üzvlük və dövlət təhlükəsizliyinə qarşı əlbir olmaq ittihamları ilə hər biri ayrı-ayrılıqda 10 il həbs cəzası alıblar...
Əli Xeyrcu:
Rejim əleyhinə "toplaşma və əlbir olma" maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzasına məhkum edilib...
Xatırladaq ki, hər dörd milli fəal digər siyasi məhbuslar Tahir Nəqəvi və Vədud Əsədinin hüquqlarını müdafiə etmək məqsədilə Evin zindanı qarşısında keçirilən dinc etiraz aksiyası zamanı həbs edilmişdilər. Abbas Lisani və Yusif Kari bu prosesi "hakimiyyətin siyasi şousu və qeyri-hüquqi xarakterli teatr" adlandıraraq məhkəmə və istintaq dindirmələrində iştirak etməkdən qəti şəkildə imtina etmişdilər.
İran rejiminin beynəlxalq hüquq normalarını və elementar insan haqlarını ayaqlar altına ataraq güneyli fəalların ailələrinə qarşı terror siyasəti yürütməsi həm Azərbaycan Respublikası, həm də Güney Azərbaycanda böyük hiddət və etirazla qarşılanır...















