Xəbər verildiyi kimi, keçən həftədən etibarən Bakı Şəhər İcra Hakimiyyəti və rayon İcra Hakimiyyətlərinin birgə təşkilatçılığı ilə paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli təşkili məqsədilə açıq hava konsertlərinə start verilib. Ötən gün yenidən paytaxtın dörd rayonunda sakinlərimizin və şəhərin çoxsaylı qonaqlarının sevimli istirahət yerlərindən olan istirahət parklarında axşam konsertləri keçirilib.
"DİA-AZ" xəbər verir ki, bu dəfəki konsert proqramları Xətai rayonundakı “Nizami Gəncəvi” parkında, Nərimanov rayonunda “Gənclik” metro stansiyasının yaxınlığındakı parkın amfiteatrında, Yasamal rayonunun Meşə parkında, Nizami rayonundakı Heydər Əliyev və Mərkəzi Nəbatat parkında parklarda təşkil edilib.
Konsert proqramlarının təşkil edildiyi park və istirahət bağları paytaxt sakinlərinin ən çox üz tutduğu istirahət məkanlarısırasındadır. Burada insanların asudə vaxtlarını rahat və mənalı keçirməsi üçün hər cür şərait yaradılıb. Geniş yaşıllıq zolaqları, istirahət guşələri və uşaq əyləncə meydançaları bu məkanları hər yaşdan olan ziyarətçilər üçün cəlbedici edir. Gün ərzində uşaqlar burada oynayır, ailələr piknik edir, gənclər və yaşlı nəslin nümayəndələri isə təmiz hava və sakit mühitdən zövq alaraq dincəlirlər. Bu parklar minlərlə sakinin sevimli görüş və istirahət ünvanına çevrilib.
Peşəkar və gənc ifaçıların, musiqi qruplarının bir araya gəldiyi konsertlərdə estrada, xalq və klassik musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar səsləndirilib. Rəngarəng repertuar, canlı ifalar və xoş atmosfer parklara istirahət üçün üz tutan sakinlərə unudulmaz axşam yaşadıb.
İfaçıların çıxışları tamaşaçılar tərəfindən maraq və alqışlarla qarşılanıb. Sakinlər, xüsusilə konsertdə iştirak edən müxtəlif yaş qruplarına aid uşaqlar, gənclər xoş musiqilərin sədaları altında rəqs ediblər.
Axşam konsertləri gələn həftənin şənbə günü də təşkil ediləcək.















































