“Mən ayda 10-15 toya gedirəm. Toyları seçib iştirak edirəm. Çünki qazanc mənbəyim təkcə toylardır. Nə fəxri adım var, nə mükafat alıram, nə də təqaüd. Elə sənətçilər fəxri ad, mükafat alır ki, özüm də məəttəl qalıram. Çünki səs desən yoxdur, yaradıcılıq desən ümumiyyətlə yoxdur. Onların gələcək nəsilə ötürəcəyi bir keyfiyyəti yoxdur. Mən də istərdim mükafat, fəxri ad alım. Amma nədənsə heç vaxt nazirliyin yadına düşmürəm”
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Tacir Şahmalıoğlu bildirib.
O daha sonra bu vəziyyətin belə davam etməyəcəyini bildirib:
“Telekanallarımızın hər birinə öz təşəkkürümü bildirirəm. Tez-tez məni çəkirlər, işıqlandırırlar, danışdırırlar. Mən də narahat olduğum mövzuları danışıram. Bu mənim üçün böyük bir mükafatdır. Yaxşı sənətkar elə xalqın artistidir. Mən də həmçinin. Oxuduğum bütün əsərlər xalqın musiqi mədəniyyətinin yaddaşına yazılıb. Mənim yetişdirdiyim tələbələrin əksəriyyəti fəxri adların sahibidir. Lori dildə kobud da çıxsa deyəcəm. Atın qabağına ət qoyurlar, itin qabağına ot. Mənə elə gəlir ki, bu çox gedən deyil. Getməz də. Hər şeyə nəzarət edirlər, efirlərdə verilişləri bağlayırlar, bir zəhmət indi də layiqsizlərə verilən qiymətləri dayandırsınlar və onların yerinə layiq olan sənətkarlara qayğı göstərsinlər”- deyə o bildirib.
























