Naxçıvanda məktəb direktorları və digər vəzifəlilər də sertifikasiya imtahanına cəlb olunacaqlar. Bu barədə qərarın ötən həftə yerli Təhsil Nazirliyində keçirilən kollegiya iclasında elan olunduğu bildirilir.
“Gündəlik Naxçıvan”a müraciət edən bir qrup məktəb vəzifəlisi bu addımı Azərbaycan üzrə mövcud qaydalara zidd sayır. Onlar iddia edirlər ki, yerli nazirlik bu yolla yeni rüşvət mənbəyi yaradır.
“Bizə dedilər ki, vəzifəlilər də sertifikasiya imtahanı verəcək. Azərbaycan üzrə belə bir praktika yoxdur. Əgər Nazirlər Kabinetinin qərarında məktəb vəzifəliləri üçün imtahan nəzərdə tutulmayıbsa, niyə yalnız Naxçıvanda tətbiq olunur? Məqsəd vəzifəliləri sıxışdırmaq, bu yolla rüşvət toplamaqdır. Yoxsa niyə Azərbaycan qanunlarına qarşı çıxsınlar ki? Təhsildəki bütün rüşvət mənbələrinin arxasında Elxan Nəcəfov dayanır. Bu da onun yeni ideyasıdır.”
Şikayətçilər sertifikasiya imtahanına hazırlaşmaq üçün onlara qısa vaxt verildiyini deyirlər:
“Nazir dedi ki, imtahanlar apreldə keçiriləcək. Bu qədər qısa müddətdə necə hazırlaşaq? Bu özü onu sübut edir ki, bizi qəsdən çətin vəziyyətə salıb imtahandan kəsilməyimizi istəyirlər. Həm də heç bir rəsmi sənəd göstərilmədən bizə imtahana hazırlaşmağı tapşırıblar. Məktəb direktorları, dərs hissə müdirləri, hərbi rəhbər və s. imtahan verməlidir. Məgər Naxçıvan ayrıca dövlətdir ki, Azərbaycan qanunlarını burada saya almırlar?”
Şikayətçilər məsələ ilə bağlı rəsmi qurumlardan aydınlıq gətirilməsini tələb edirlər.
Mövzu ilə bağlı yerli təhsil qurumlarından münasibət almaq mümkün olmayıb.








