Paytaxtın Suraxanı rayonunun Bülbülə qəsəbəsi Səttar Bəhlulzadə küçəsi 104 ünvanda özbaşına tikinti işlərinin aparılması barədə mediada məlumat yayılıb. İşlərin görüldüyü obyektin görüntülərini əks etditrən video-materialdan məlum olur ki, qanunsuz tikintinin aparıldığı yerdə ağaclar var. Məhvə məhkum edəcəkləri ağacları əvvəlcə hasarın içinə alıblar və onlardan ikisini kəsiblər.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Rəşad Hacıyevlə telefon əlaqəsi saxlayıb məsələyə münasibətini soruşduq. Təsəvvürlərinin dəqiqləşməsi üçün tikinti işlərinin aparıldığı obyektin video çəkilişlərini də mesajla göndərdik. Özü də baxıb sözdə təsdiqlədi ki, bu, qanunsuzluqdur. Vəd etdi ki, tezliklə məsələyə aydınlıq gətiriləcək və götürüləcək ölçü barədə redaksiyamıza məlumat veriləcək.
Lakin nə oldusa, sonradan Rəşad müəllimdən xəbər çıxmadı. Yəqin obyekt sahibi ilə ünsiyyətə çıxıb və ona Ramazan ayında özəl güzəştlər edilib, qanunsuz əməlinə göz yumulub.
Xatırladaq ki, fevralın 17-də Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə Suraxanı rayon icra başçısı Adil Əliyevə işindəki nöqsanlara görə töhmət verilib. Hərçənd, Rəşad Hacıyev kimi ictimaiyyətlə təmasda destruktiv olan kadrlar daha böyük intizam tənbehinə layiqdirlər. O isə illərdir bir neçə başçısını yola salıb, “rayonun boz kardinalı” kimi öz postunu qorumaqdadır.
Nyus.az








