Köhnə palan içi tökməkdən heç xoşum gəlmir. Amma bəzən insanların, əsasən də rəsmi şəxslərin hansısa aldadıcı cəhdlərini görəndə adam susa bilmir.
Mənim deputat Zahid Orucla heç bir əlaqəm, münasibətim olmayıb. Bilmirəm necə deputatdı, necə adamdı, nə qədər səmimidir.
Amma ötən gün özünə məxsus rəsmi səhifədə Ramiz Mehdiyevlə əlaqəlırinə dair yazdığı açıqlamada maraqlı bir neçə məqam var.
Zahid Oruc yazır: "... 25 ildir sədaqətlə və şərəflə gəldiyimiz yola-Ulu öndər Heydər Əliyev və qalib lider İlham Əliyev kursuna, ideallarına xidmətə böhtan və şər yaxılması bizi dövlətimizə, xalqımıza, nəhayət, Qələbəmizə dönmədən, usanmadan, son nəfəsimizədək xidmətdən geri çəkindirə bilməz. 1993-cü ildən bu günədək bir əqidədə olmuşuq-fərqindəyik, çoxları ondan narahat olublar..."
Zahid Oruc 1990-cı ildən başlayaraq Azərbaycanda genişlənən xalq hərəkatı və milli azadlıq mübarizəsinə yaxından qoşularaq aktiv tələbə təşkilatlarının rəhbərlərindən biri kimi tanınıb. 1992-ci ildə fəal siyasi həyatını davam etdirərək Ana Vətən Partiyasının mətbuat xidmətinin rəhbəri, siyasi məsələlər üzrə müavini seçilib.
Ana Vətən Partiyası necə yarandı?
1988–1990-cı illərdə Azərbaycan Xalq Cəbhəsinin Ali Məclisinin üzvü olan Fəzail Ağamalı, 1990-cı ilin 20 yanvar hadisələrindən sonra Azərbaycan Xalq Cəbhəsi rəhbərliyi ilə arasında yaranan fikir ayrılığına görə Azərbaycan Xalq Cəbhəsindən istefa verdi. Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sabiq üzvləri Qabil Hüseynli və Fəzail Ağamalı Ana Vətən Partiyasının qurulması üçün Təşkilat Komitəsi təsis etdilər.
Lakin partiya qurulmadan Qabil Hüseynli ayrıldı Fəzail Ağamalı isə tərəfdarları ilə birgə 1990-cı ilin noyabr ayında Ana Vətən Partiyasının təsis qurultayını keçirdi partiyanın sədri seçildi.
Zahid Oruc isə 1992-ci ildə Ana Vətən Partiyasının mətbuat xidmətinin rəhbəri, siyasi məsələlər üzrə müavini oldu. Acığı hələ də partiyanın siyasi kursu barədə dəqiq məlumatlar yoxdur. Bu öz yerində...
2012-ci ildə Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc Ana Vətən Partiyasının Yeni Azərbaycan Partiyası ilə bir partiya adı altında birləşməsini təklif edir. Lakin Yeni Azərbaycan Partiyası tərəfindən bu təklifə müsbət cavab gəlmir.
Ana Vətən Partiyası 2013-cü ildə baş tutan Prezident seçkilərində mübarizə aparmayacağını və Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin yanında olacağını elan edir.
Amma Ana Vətən Partiyasının sədrinin siyasi məsələlər üzrə müavini, Milli Məclisin üzvü Zahid Oruc Prezident seçimlərində namizəd olmaq üçün Mərkəzi Seçki Komissiyasına müraciət edir. Onun bu addımı Ana Vətən Partiyasının nizamnaməsinə zidd olduğu üçün Ana Vətən Partiyasının sədrinin müavini vəzifəsindən azad edilir və ümumiyyətlə partiya sıralarından xaric edilir.
Beləliklə diqqət edək...
Ana Vətən Partiyasının (AVP) Mərkəzi Nəzarət Təftiş Komissiyasının 15 avqust 2013-cü ildə keçirilən iclasında AVP Ali Məclisin üzvü Zahid Orucun prezident seçkilərində iştirakı ilə bağlı məsələ müzakirə olunur.
Partiyanın açıqlaması belə idi - Ana Vətən Partiyasının rəhbər orqanlarında təmsil olunan Zahid Oruc partiyanın VI Qurultayının prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi və irəli sürülməsi haqqındakı qərarından məlumatlı olub. O, partiyanın mərkəzi qurumlarını məlumatlandırmadan prezidentliyə namizədliyini irəli sürüb və beləliklə, partiyanın VI Qurultayının iradəsinə qarşı çıxıb və partiya nizamnaməsinin bir neçə müddəalarını pozub. Ana Vətən Partiyasının MNTK Zahid Orucun partiya sıralarından azad olunması haqqında qərar qəbul edib.
Əcəba, bu gün "25 ildir sədaqətlə və şərəflə gəldiyimiz yola-Ulu öndər Heydər Əliyev və qalib lider İlham Əliyev kursuna xidmət" etdiyini deyən Zahid Oruc necəsə Ana Vətən Partiyasının sədrinin müavini ola-ola, Partiyanın 2013-cü ildə baş tutan Prezident seçkilərində mübarizə aparmayacağını və Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin yanında olacağını elan etdiyi halda özünün prezidentliyinə namizədliyini elan edir və prezident seçkilərində aktiv təbliğata başlayır.
Maraqlıdır, necə olur ki, Ulu öndər Heydər Əliyev və İlham Əliyev kursuna, ideallarına xidmət edən Zahid Oruc eyni ideyanı ən yüksək formada təbliğ edən İlham Əliyevə qarşı seçkilərdə rəqibə çevirilir? O zaman görəsən Zahid Oruc nə düşünərək bu addımı atmışdı? Və ya bu addımı atmaqda məqsədi nə idi?
Özünü bu ideyanın davamçısı hesab edən şəxs - Zahid Oruc həqiqətənmi düşünürdü ki, seçkilərdə İlham Əliyevə qalib gələ biləcək... Yoxsa?
Yoxsa Zahid Oruc ona səs verən seçiciləri, ona inanan "kontingenti" aldadırdı?
Bir daha təkrar edirəm, mən Zahid Orucu tanımıram, onun necə biri olduğunu da bilmirəm. Amma Zahid Oruc deyir ki, 25 ildir sədaqətlə və şərəflə gəldiyi yola-Ulu öndər Heydər Əliyev və qalib lider İlham Əliyev kursuna, ideallarına xidmət edir.
Zahid Oruc Ana Vətən Partiyasına 1992-ci ildə gəlib. Partiya 2013-cü ildə Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyib. Yəni, Ana Vətən Partiyası ilə YAP arasında siyasi, eynimövqeylilik nümayişi elan olunub.
2013-cü ilə kimi Ana Vətən Partiyası müxalifət partiyası kimi tanıdılıb. Zahid Oruc da bu partiyanın xətti ilə deputat olub.
2013-cü ildə Zahid Oruc partiyadan çıxıb - 2013-2025 illəri hesablayanda cəmi 12 il edir. 25 il etmir.
1992-2013-cü illəri də hesablasaq 21 il edir, yenə 25 il etmir.
Zahid Oruc 21 il müxalifət partiyası kimi elan edilən Ana Vətən partiyasında, 12 il isə özünün də elan etdiyi kimi müstəqil siyasi fəaliyyət göstərən biridir.
Maraqlıdır, Zahid Oruc 25 il deyəndə nəyi nəzərdə tutur?
Bizimxeber.org