Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən İntiqam Bayramovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya protesti və apellyasiya şikayəti təmin olunmayıb.
İttihama görə, hadisə 23 aprel 2024-cü il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində qeydə alınıb.
Belə ki, İntiqam Bayramov onunla qonşuluqda yaşayan bibisi oğlu, zərərçəkmiş Maqsud Əsgərovla (adı, soyadı şərtidir) yaranmış narazılıqdan istifadə edərək ictimai asayişi pozub.
Hadisə internet xətti ilə bağlı yaranmış mübahisədən başlayıb. Zərərçəkmiş şəxs internet xəttinin icazəsiz çəkilərək təqsirləndirilən şəxsin həyətindən keçməsinə etiraz edib və narazılığını bildirib. Təqsirləndirilən şəxs bunu bəhanə edərək Maqusda və onun ailə üzvlərinə qarşı nalayiq ifadələr işlədib. Sonra İntiqam üzərində gəzdirdiyi cib bıçağı ilə zərərçəkmişin döş qəfəsinə vuraraq ona xəsarət yetirib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.