Rəsmi məlumata görə, toxumçuluq sahəsində fəaliyyət göstərən toxum əməliyyatçılarının qeydiyyatına və toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsinə görə yeni dövlət rüsumları müəyyənləşib.
Seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) informasiya sistemindən çıxarışın verilməsinə görə 50 manat manat, seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) informasiya sistemindən çıxarışın dublikatının verilməsinə görə 10 manat, toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsinə görə (bir sənəd) 25 manat dövlət rüsumu müəyyənləşib.
"DİA-AZ" xəbər verir ki, bu məsələylə bağlı açıqlama verən ReAL Partiyasının sədri Natiq Cəfərli maraqlı məqama toxunub: "Anlamaq olmur, doğurdan da olmur, sertifikatın özü üçün rüsum olsaydı, deyərdim ki, bəli də, iş görürlər, labaratoriya analizi edirlər, xərc və əmək sərf edirlər – halbuki, aqrar sektor prioritetdirsə, bu da pulsuz olmalıdır.
Yeni rüsumlar kiçik məbləğlərdir, bu heç, amma, insanı düşündürən odur ki, informasiya sistemində bu sertifikat var, sadəcə onu çap edib təqdim etmək niyə 50 manat olsun ki?! Printer və kağız xərcləri 1 qəpik olar, niyə 50 manat?! Eyni qaydada sertifikatın diblikatını çap edib təqdim etmək niyə 10 manat olmalıdır?!
Bu gün istənilən sahədə rüsum, cərimələr o həddə çatıb ki, artıq ciddi bir xərc maddəsinə, vergi növünə dönüb. Bu yanaşma iqtisadi aktivliyi boğur..."




















