“Atamın məzarı heç vaxt baxımsız qalmayıb. Sadəcə olaraq ot elə bir bitkidir ki, 5-10 gün keçəndən sonra da bitir. Tez-tez məzar üstünə gedib-gələ bilmirəm, öz problemlərim var, amma vaxtaşırı nəzarət edirik. Amma əmimoğlu, müğənni Orxan Cəlilov ora adam tutub, tez-tez təmizlətdirirdi. Sadəcə imkan olmadığı üçün qəbirin üstü yenilənməyib. Bilirsiniz ki, Orxan gənc müğənnidir, vaxtı çatanda onu da edəcək. Nə olubsa 10 gün ərzində olub. Götürüb onu tez-tələsik sosial şəbəkədə yayıblar. Bu heç də doğru bir şey deyil”
Bunu Moderator.az-a özəl açıqlamasında mərhum müğənni Elçin Cəlilovun qızı Şəlalə Vəliyeva deyib. O daha sonra əlavə edib:
“Oranı təmizləyən şəxsə öz və ailəm adımdan təşəkkür edirəm. Bizə xəbər verərdi və yaxud da deyərdi ki, təmizlədim. Biz də deyərdik ki, çox sağ ol. Amma bunu sosial şəbəkədə paylaşmağa ehtiyac yox idi. Həm anım günlərində, həm də doğum günlərində gedib ziyarət edirik. Sosial şəbəkələrdə də yazırlar ki, övladları baxmır.
Niyə baxmırıq ki? Övladına nə olub ki? Mən sadəcə istəmirəm ki, kimlərəsə nəsə pis rəy yazım. Onlar da fikirləşirlər ki, biz həqiqətən də gedib-gəlmirik. Kim olsa belə fikirləşər də. Mən o rəy yazanları da qınamıram. Onlar məni də tanımırlar axı” deyə mərhum sənətkarın qızı Şəlalə Vəliyeva deyib.
Qeyd edək ki, sənətkarın məzarından görüntüləri sosial media istifadəçisi Qurban Oruc paylaşıb. Belə ki, o mərhum müğənninin məzarının baxımsız olduğunu bildirərək orada təmizlik və abadlıq işləri aparıb.


















