Gördük ki, bloqerlər jurnalist deyil və faktiki olaraq, peşə təhsili alanların peşəkar fəaliyyətinə yaxından-uzaqdan heç bir dəxli yoxdur.
Ona görə, Forum keçirəndə baxmaq lazımdır ki, media mənsubu kimi, hansı selektiv əsasda kimi aparıb hətta prezidentə təqdim edirlər.
Məsələnin başqa bir tərəfi ondan ibarətdir ki, jurnalistika ilə deyildiyi kimi, yenə də yaxından-uzaqdan heç bir əlaqəsi olmayan qərbdəki söyüş bloqerlərlərinin qarşısına çıxıb artıq cavab verməyin çox da effektiv olmadığını gördük.
Mehriban Xanımın, daha sonra Prezident köməkçisi Hikmət müəllimin birbaşa və əsaslı yanaşmaları onlara aid olduğu yerləri göstərdi. Lakin artıq bu məsələnin görüntüsü, fokusu dəyişməyə doğru gedir və daha həmin şəxslərlə muhatab olmağın doğru yol kimi görünmədiyi müşahidə edilir. Bəs çıxış yolu varmı?
Əlbəttə, özünü peşəkar jurnalist ilə eyni səviyyədə görən, dövlət rəhbərliyinə xüsusi məqsədlə təqdim edilən xeyli sosial şəbəkə məhsulu mövcuddur, bax onları Avropadakı təxribatçıların önünə sürmək lazımdır. Həm kifayət qədər rentabelli rol oynayacaqlar, həm də antilərə layiq olduqları yeri göstərə biləcəklər.
Bütün hallarda dövləti və onu təmsil edən şəxsləri isə qorumaq lazımdır. Yoxsa SEPAH-ın Almaniyadakı trolu belə özünü cəmiyyətə "bakir" kimi sırımağa çalışacaq.
Əziz Əlibəyli - "DİA-AZ"


















