Daha bir dələduzluq cinayəti üzrə məhkəmə araşdırması yekunlaşıb.
Qaynarinfo-nun məlumatına görə, iş üzrə müəyyən edilib ki, təqsirləndirilən şəxs S.İ. övladı həbs olunan ailəyə cinayət işini həll etdirəcəyini, gəncin azadlığa buraxılmasına köməklik göstərəcəyini və cəzasının yüngülləşdirilməsinə nail olacağını vəd edib. Bu vədlərə inanan ailə müxtəlif vaxtlarda ona ümumilikdə 57 min 620 manat pul verib.
Məhkəmə materiallarına əsasən, zərərçəkmişin oğlu 2023-cü ildə saxlanıldıqdan sonra ailə S.İ. ilə əlaqə saxlayıb. O, hüquq-mühafizə orqanlarında əlaqələrinin olduğunu, istintaq və məhkəmə mərhələsində məsələnin pul müqabilində həll ediləcəyini bildirib. Bunun üçün əvvəlcə müxtəlif bank kartlarına hissə-hissə köçürmələr edilib.
Araşdırmalar zamanı müəyyən edilib ki, zərərçəkmiş tərəfindən fərqli tarixlərdə 4 500, 2 000, 2 730, 4 000 və 4 390 manat olmaqla, ümumilikdə 17 min 620 manat müxtəlif şəxslərin bank kartlarına köçürülüb. Daha sonra ailə yaşadığı evi və mal-qaranı sataraq, həmçinin kredit götürərək topladığı 40 min manatı da nağd şəkildə təqsirləndirilən şəxsə verib.
Lakin sonradan məlum olub ki, S.İ-nin cinayət işinin gedişinə təsir etmək, hər hansı vəzifəli şəxslə razılıq əldə etmək və ya gəncin azadlığa buraxılmasına nail olmaq üçün heç bir səlahiyyəti olmayıb. O, zərərçəkmişi aldadaraq pul vəsaitini ələ keçirib.
Məhkəmədə ifadə verən zərərçəkmiş bildirib ki, oğlunun azad olunacağına inandıqları üçün bütün imkanlarını səfərbər ediblər. Onun sözlərinə görə, ailə yaşadıqları evi satıb, mal-qaranı sataraq pul toplayıb, yaxınlarının adına kredit götürüb. S.İ. isə onlara pulların müstəntiqə və digər vəzifəli şəxslərə çatdırılacağını deyib.
Zərərçəkmiş bildirib ki, 40 min manat nağd şəkildə təqsirləndirilən şəxsə verilib. Daha sonra əlavə ödənişlər də edilib. Lakin verilən vədlər yerinə yetirilməyib və sonradan ona yalnız 7 min manat geri qaytarılıb.
Zərərçəkmişin həyat yoldaşı da məhkəmədə ifadəsində ailənin 40 min manatı yaşadıqları evi, eləcə də mal-qaranı satmaqla topladığını təsdiqləyib. O bildirib ki, təqsirləndirilən şəxs həmin pulun prokurorluq və istintaq orqanlarında işin həlli üçün istifadə olunacağını deyirdi.
Digər şahidlər də ifadələrində ailənin bu məqsədlə evini satdığını, kredit götürdüyünü və mal-qarasını satdığını təsdiqləyiblər. Onların sözlərinə görə, sonradan adı çəkilən müstəntiq belə hər hansı pul almadığını bildirib.
Məhkəmə S.İ.-ni Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilərək 5 il müddətinə azadlıqdan məhrum edib.
Onun həbsdə və ev dustaqlığında keçirdiyi 3 ay cəza müddətindən çıxılıb və üzərində qəti olaraq 4 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.







