Sığorta ödənişinin məbləğinin yuxarı həddi müəyyən edilir.
APA xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihədə sığorta fondunun sabitliyinin qorunması, sistemin proqnozlaşdırıla bilən olması, çox yüksək gəlirli şəxslərlə orta gəlirli şəxslər arasındakı ödəniş balansının qoruması məqsədi ilə birdəfəlik sığorta ödənişinin verilməsi nəzərdə tutulan hallarda hesablanmış sığorta ödənişinin məbləğinin minimum aylıq əməkhaqqının min mislindən artıq olmamaqla təyin edilərək ödənilməsi təklif olunur.
Qeyd edilib ki, bu həddin tənzimlənməsi risklərin həcmini, həmçinin sığortaçının məsuliyyət dairəsini müəyyənləşdirməyə imkan yaradacaqdır. Əks təqdirdə riskin idarəolunmazlığı sığorta sisteminin zəifləməsinə, beləliklə sığorta olunanlar qarşısında öhdəliklərin yerinə yetirilməsində çətinliklərin yaranmasına səbəb ola bilər.
***
Sığorta ödənişləri sığorta olunanın əlilliyinin müəyyən edilməsi ilə deyil, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinə uyğun olaraq ödəniləcək.
Bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi sığorta olunanın sığorta hadisəsi baş verənədək malik olduğu peşə əmək qabiliyyətinin davamlı itirilməsinin faizlə ifadəsidir. Bu baxımdan sığorta hadisəsinə görə sığorta ödənişinin verilməsinin vahid meyar üzrə dəyərləndirilməsi məqsədilə birdəfəlik sığorta ödənişinin də sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın əlilliyinin müəyyən edilməsi ilə deyil, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi ilə əlaqələndirilməsi təklif olunur. Yəni, birdəfəlik sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi növbəti müayinə müddəti göstərilmədən müəyyən edildikdə həyata keçiriləcəkdir.
Qeyd edilib ki, peşə əmək qabiliyyətinin itirilməsi özündə eyni zamanda əlilliyin müəyyən edilməsi, yəni orqanizm funksiyalarının itirilməsini də ehtiva edir. Həmin dəyişiklik həmçinin Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiyasının 4-cü maddəsinin tələblərinə uyğundur.







