Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təsirləndirilən Asif Yusifzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.
İttihama görə, Asif Yusifzadə 2025-ci ilin iyun ayında, günorta saatlarında Şabran şəhəri, Heydər Əliyev prospektində yerləşən “Qayalı” marketin qarşısında tanışı, zərərçəkmiş Katib Bəşirovla (adı, soyadı şərtidir) görüşüb. O, aralarında əvvəllər yaranmış şəxsi münasibətləri aydınlaşdırmaq bəhanəsi ilə zərərçəkmiş şəxsi özünə məxsus "VAZ-21150" markalı avtomobilə mindirib.
Bundan sonra təqsirləndirilən şəxs avtomobillə Katibi Şabran rayonunun Çölquşçu kəndi inzibati ərazi nümayəndəliyinin ərazisində yerləşən dəniz sahilinə aparıb. Tərəflər arasında həm avtomobildə, həm də dəniz kənarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb və bu mübahisə təxminən bir saat davam edib.
Asif hadisədən əvvəl qanunsuz olaraq əldə etdiyi xəncər tipli bıçağı maşında saxlayıb. O, nəqliyyat vasitəsindən enərkən həmin bıçağı üzərində götürüb.
Mübahisənin gərginləşdiyi vaxt təqsirləndirilən şəxs həmin xəncərlə Katibin qarın nahiyəsinə bir dəfə zərbə endirib. Nəticədə zərərçəkmiş şəxsə qarının ön divarının sol yarısından periton boşluğuna nüfuz edən, nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan, insan həyatı üçün təhlükəli hesab edilən və dərəcəsinə görə sağlamlığa ağır zərər kimi qiymətləndirilən deşilmiş-kəsilmiş yara xəsarəti yetirilib.
İttihama görə, təqsirləndirilən şəxs bu hərəkətləri ilə soyuq silahdan istifadə etməklə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən insan həyatı üçün təhlükəli olan ağır zərər vurub.
Qeyd: Asif Yusifzadə taksi sürücüsü olub. Zərərçəkmiş Katib Bəşirovu və onun ailə üzvləri təqsirləndirilən şəxsin maşını ilə bir neçə dəfə sifariş əsasında miniblər. Sonradan zərərçəkmiş öz həyat yoldaşını Asifə qısqanıb, ona arvadını maşına mindirməməsi barədə bir neçə dəfə xəbərdarlıq edib. Elə mübahisə də bunun üstündə baş verib.







