Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Xocavənd rayon Əmirallar kənd tam orta məktəbinin direktoru olmuş Mərkəz Hüseynovun cinayət işinin bəzi detalları məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, məhkəmə istintaqı zamanı ittiham aktı elan olunub
İttihama görə, Mərkəz Hüseynov 2009-cu ildə verilmiş müvafiq əmrlə Xocavənd rayonu Əmirallar kənd tam orta məktəbinin direktoru vəzifəsinə təyin olunaraq 2023-cü ilədək həmin vəzifədə çalışıb. O, məktəb direktoru kimi təşkilati-sərəncamverici və inzibati-təsərrüfat səlahiyyətlərinə malik vəzifəli şəxs olub, təhsil müəssisəsinin maliyyə və təsərrüfat fəaliyyətinin təşkilinə, kadrların idarə edilməsinə, dövlət büdcəsindən ayrılan vəsaitlərin qanunvericiliyə uyğun və səmərəli istifadəsinə cavabdehlik daşıyıb.
Cinayət işi üzrə müəyyən edildiyinə görə, təqsirləndirilən şəxs 2018-ci ilin sentyabr ayından 2023-cü ilin iyun ayınadək olan dövrdə ona etibar edilmiş dövlət vəsaitini mənimsəmək məqsədilə ardıcıl şəkildə saxta sənədlər tərtib edib. Belə ki, fiziki sağlamlıq imkanları məhdud olduğu üçün evdə təhsilə cəlb edilmiş iki şagirdə faktiki olaraq dərs keçirilmədiyi halda, guya həmin dərslərin keçirildiyi barədə əməkhaqqı hesablama cədvəllərinə bilərəkdən yalan məlumatlar daxil edib, sənədləri imzalayaraq məktəbin möhürü ilə təsdiqləyib və aidiyyəti maliyyə qurumlarına təqdim edib.
Həmin saxta sənədlər əsasında müxtəlif müəllimlərin bank kartlarına əməkhaqqı və məzuniyyət ödənişləri köçürülüb. Daha sonra həmin vəsaitlər Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yerləşən bankomatlardan nağdlaşdırılaraq məktəb direktoruna təqdim olunub. O isə həmin pulları şəxsi ehtiyaclarına sərf edib.
İstintaq materiallarında göstərilir ki, yalnız evdə təhsil üzrə keçirilməmiş dərs saatlarına görə 18 müəllimin adına ümumilikdə 25 551 manat məbləğində əməkhaqqı köçürülərək mənimsənilib.
Bundan başqa, Mərkəz Hüseynov 2018–2023-cü tədris illəri ərzində məktəbdə faktiki keçirilməyən fakultativ məşğələlərin də keçirilməsi barədə saxta məlumatlar rəsmiləşdirib. Ümumilikdə həftəlik 76 saat fakultativ məşğələnin keçirildiyi göstərilərək 15 müəllimin bank hesabına müxtəlif məbləğlərdə vəsait köçürülüb. Sonradan həmin pullar nağdlaşdırılaraq təqsirləndirilən şəxsə verilib. Bu epizod üzrə dövlətə vurulan ziyanın 25 892,78 manat təşkil etdiyi bildirilir.
İttihamda qeyd olunur ki, eyni üsulla 2018–2023-cü tədris illərində məktəbdə keçirilməmiş dərnək məşğələləri də sənədlərdə təşkil edilmiş kimi rəsmiləşdirilib. Belə ki, ümumilikdə həftəlik 84 saat dərnək məşğələsinin təşkil edildiyi göstərilərək 10 müəllimin bank kartına əməkhaqqı köçürülüb. Həmin vəsaitlər də nağdlaşdırıldıqdan sonra Mərkəz Hüseynova təqdim olunub. Bu epizod üzrə dövlətə vurulan ziyanın 19 857,24 manat olduğu göstərilib.
Beləliklə, istintaq orqanının qənaətinə görə, Mərkəz Hüseynov evdə təhsil, fakultativ və dərnək məşğələləri ilə bağlı əməkhaqqı sənədlərinə bilərəkdən yalan məlumatlar daxil etməklə ümumilikdə 71 301,2 manat məbləğində dövlət vəsaitini mənimsəyib. Eyni zamanda, vəzifəli şəxs kimi rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədib.
Məhkəmə baxışı zamanı o, özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyib. Mərkəz Hüseynov deyib ki, evdə təhsil almalı olan şagirdlərə dərslər məktəbdə keçirilib. Onun sözlərinə görə, həmin şagirdlər evdə təhsil almaq istəmədikləri və müəllimlərin evlərinə getməsini arzulamadıqları üçün tədris məktəbdə təşkil olunub, sonradan isə sağlamlıq vəziyyətlərinə görə məktəbdən xaric ediliblər.
Təqsirləndirilən şəxs fakultativ məşğələlərin də faktiki keçirildiyini iddia edib. O bildirib ki, şagirdlər əsas dərslər başa çatdıqdan sonra məktəbdə qalaraq həmin məşğələlərdə iştirak ediblər.
Müəllimlərin ona pul verməsi ilə bağlı ittihamlara münasibət bildirən Mərkəz Hüseynov qeyd edib ki, həmin vəsaitlər şəxsi məqsədlər üçün deyil, məktəbdə əlavə sinif otaqlarının yaradılması və təmir işlərinin aparılması məqsədilə toplanıb. Onun sözlərinə görə, şagirdlərin sayı artdığı üçün mövcud otaqlar kifayət etmirdi və dərslər növbəli qaydada keçirilirdi. Müəllimlər isə yeni otaqların tikilməsi və məktəbin bir növbəli fəaliyyətə keçməsi məqsədilə könüllü şəkildə vəsait veriblər.
Lakin Mərkəz Hüseynov etiraf edib ki, müəllimlərdən toplanan vəsaitlə bağlı hər hansı rəsmi akt tərtib edilməyib, aidiyyəti dövlət qurumlarına məlumat verilməyib və çəkilən xərclərin dəqiq məbləği barədə sənədləşmə aparılmayıb.
Təqsirləndirilən şəxs ifadəsinin sonunda dövlət vəsaitini mənimsəmədiyini bildirib. O söyləyib ki, əgər pul mənimsəmiş olsaydı, banklara kredit borcları qalmazdı. Həmçinin müəllimlərin bank kartlarının heç vaxt onda olmadığını və ittihamları qəbul etmədiyini məhkəmənin diqqətinə çatdırıb.







