“Rusiya rəhbərliyi işğalçıdır, o, ölkəni məhz bu üsullarla idarə edir”.
Teleqraf xəbər verir ki, bunu Rusiyada yaşayan erməni politoloq Kamo Beqlaryan deyib.
“Rusiya rəhbərliyinin fəaliyyəti ölkənin və xalqın maraqlarına ziddir. Hamı ilə haqq-hesab çəkirlər, xalqın səsi susdurulub, danışan hər kəs cəzalandırılır. Ölkədə hər yerdə korrupsiya hökm sürür, hamısı Putinin tanışlarıdır. Belə davam etsə, Rusiya dağılacaq”, - o bildirib.
Beqlaryan əlavə edib ki, Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gələnədək Ermənistan Rusiyanın ən sadiq forpostu olub, indi vəziyyət dəyişib:
“Putin Paşinyana deyib: “Köçəryan mənim dostumdur”. Paşinyan isə cavab verib: “Belə dostlarınızın olmasına təəssüf edirəm”.
Putin kinli, qisascıl insandır. Ermənistana nə etməli olduğunu diktə edirdilər, müəssisələrini keçmiş hakimiyyətlərin dövründə qəpik-quruşa Ermənistanın əlindən alıblar. Bu gün də hesab edirlər ki, Ermənistan Rusiya imperiyasının bir hissəsidir”, – deyə təhlilçi qeyd edib.
Politoloq seçkilərdə istədiyi nəticəni ala bilməyən Rusiyanın Ermənistanda sabitliyi pozmağa cəhd edə biləcəyini də istisna etməyib:
“İstisna etmirəm ki, hansısa məqsədə çatmaq üçün zorakılığa əl atsınlar. Hətta silah tətbiq edə, adam toplaya, hökumət binalarını ələ keçirməyə cəhd göstərə bilərlər. Rusiya düşünür ki, Konstitusiya Məhkəməsinin seçkilərinin nəticələrinə dair qərarından sonra küçələrə 10-20 min nəfər çıxarıb iğtişaşlar törətmək mümkündür”.







