Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi çərçivəsində aparılan danışıqlar davam edir. Hər iki ölkə bu proses üzrə xüsusi nümayəndələr təyin edərək əlaqələrin mərhələli şəkildə inkişaf etdirilməsi istiqamətində müzakirələr aparır. Danışıqlar nəticəsində əldə olunan razılaşmaya əsasən, Türkiyə və Ermənistan diplomatik, xidməti və xüsusi pasport sahibləri üçün viza prosedurunun asanlaşdırılması barədə qərar qəbul ediblər. Razılaşmaya görə, 1 yanvar 2026-cı il tarixindən etibarən həmin kateqoriyaya aid şəxslər elektron vizanı ödənişsiz əldə edə biləcəklər.
Eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Ermənistan sərhədində simvolik açılışların mümkün ola biləcəyini bildirib.
Beynəlxalq siyasət üzrə türk ekspert İsmail Cingöz mövzu ilə bağlı Sherg.az-a Türkiyə-Ermənistan münasibətlərindən danışıb:
"Bir müddətdir davam edən Türkiyə-Ermənistan normallaşma prosesinin hər iki ölkədən xüsusi nümayəndələrin təyin edilməsi ilə daha sistemli və koordinasiyalı şəkildə aparılmağa çalışıldığı müşahidə olunur. Türkiyənin Ermənistanla normallaşma istiqamətində apardığı danışıqlar zamanı baş verən proseslər barədə Azərbaycanın mütəmadi şəkildə məlumatlandırıldığı da şübhəsizdir. Çünki Türkiyə, Ermənistanla münasibətlərində Azərbaycanın maraqlarına zidd olan heç bir qərar və ya təşəbbüsdə iştirak etməyəcəyini dəfələrlə dövlət səviyyəsində bəyan edib. Bu kontekstdə, 2026-cı ildən etibarən iki ölkə arasında diplomatik və xidməti (xüsusi) pasport sahibləri üçün vizanın ödənişsiz verilməsi ilə bağlı açıqlamaların da Azərbaycan ilə məlumat mübadiləsi aparılaraq, hər hansı yanlış anlaşılmaya yol verilməməsi məqsədilə razılaşdırılmış şəkildə həyata keçirildiyini düşünmək lazımdır.
Analitik Türkiyənin Bakı və İrəvan arasında tam razılıq əldə olunmadan, Ermənistanla bağlı əlavə və birtərəfli müsbət addımlar atmayacağını açıq şəkildə ifadə etdiyini söyləyib:
"Məsələni də bu cür qəbul etmək lazımdır. Bu baxımdan, Azərbaycanın Ermənistana humanitar məqsədlərlə, xoş niyyət nümayişi olaraq yanacaq göndərməsi həm region, həm də Ermənistan üçün müsbət addım kimi qiymətləndirilir. Eyni zamanda Türkiyənin də diplomatik və xidməti pasport sahibləri üçün vizasız və ya ödənişsiz viza tətbiqi kimi addımlar atdığını görürük. Həm Azərbaycan, həm də Türkiyə Ermənistanla bağlı məsələlərdə koordinasiyalı, qarşılıqlı razılaşdırılmış diplomatik təşəbbüslər çərçivəsində hərəkət edir".










