“Demək olar ki, bir gün keçib, amma Rusiya hələ də Ukraynanı guya Putinin iqamətgahına hücumda ittiham etməsi ilə bağlı heç bir inandırıcı sübut təqdim etməyib”.
APA xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa “X”də bildirib.
Sibiqa qeyd edib ki, Rusiya Putinin Valdaydakı iqamətgahına hücum barədə söylədiklərini təsdiqləyən heç bir inandırıcı sübut təqdim təqdim etməyəcək, çünki belə bir hücum olmayıb.
Sibiqanın sözlərinə görə, BƏƏ, Hindistan və Pakistanın “hücum” barədə narahatlıq ifadə etmələri Ukraynanın təəssüf və narahatlığına səbəb olub: “Bu xüsusilə təəccüblüdür, çünki həmin üç dövlət 2025-ci il sentyabrın 7-də gerçək Rusiya raketi Ukraynanın həqiqi dövlət binasına dəydiyi zaman heç bir rəsmi bəyanat verməmişdi”.
Nazir qeyd edib ki, Rusiyanın saxta bəyanatlar üzrə uzun bir tarixi var — bu, onun “üslubu”dur.
O, Rusiyanın 2022-ci ilin əvvəlində Ukraynaya hücum etməyəcəyini iddia etdiyini xatırladıb.
“Onlar həmçinin tez-tez başqalarını özlərinin planlaşdırdıqlarını etməkdə ittiham edirlər. Onların sözlərinə heç vaxt tam etibar edilməməlidir”, — Sibiqa əlavə edib.
Nazir əminliyini ifadə edib ki, “Rusiyanın əsassız və manipulyativ bəyanatlarına verilən belə reaksiyalar yalnız onun təbliğatına xidmət edir və Moskvanı daha çox vəhşilik və yalanlara təşviq edir”.
Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına Ukraynanın PUA hücumu cəhdi terror aktıdır.










