Təbrizli iş adamlarının Qarabağda quruculuq işlərində iştirakı müzakirə olunur. Bunu III Azərbaycan Milli Şəhərsalma Forumunda İranın Təbriz şəhərinin meri Yaqub Huşyar jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, təbrizli iş adamlarının Qarabağda həyata keçirilən bərpa və abadlıq işlərinə marağı yüksəkdir: “Bu sahədə artıq əlaqələndirmə var və gələcəkdə iştirakın daha da genişlənməsi mümkündür. Qarabağın abadlaşdırılması, təhsil və infrastruktur layihələrinə Təbriz iş adamlarının qoşulması təbiidir və dövlət səviyyəsində dəstəklənir”.
Mütəxəssislər hesab edir ki, təbrizli iş adamlarının Qarabağa gəlişi, bərpa-quruculuq işlərində iştirakı İranla Azərbaycan arasında səmimi dostluq münasibətlərini, regional əməkdaşlığı daha da gücləndirə bilər. Məhz güneyli soydaşlarımızın Qarabağda quruculuq işlərinə cəlb olunması isə qardaşlıq bağlarının daha da möhkəmlənməsində, əlaqələrin sıxlaşmasında, səmimi münasibətlərin yaranmasında xüsusi əhəmiyyət daşıyacaq.
İqtisadçı Pərviz Heydərov Sherg.az-a açıqlamasında qeyd etdi ki, Qarabağa iş adamlarının, xarici investorların dəvət olunması ən yüksək səviyyədədir və Azərbaycan dövləti tərəfindən dəstəklənir:
- Cənab Prezident İlham Əliyev tərəfindən dəfələrlə bəyan olunub ki, Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq-bərpa işlərində istənilən ölkəyə məxsus iş adamı iştirak edə bilər. Bunun üçün Azərbaycan dövləti hər bir şərait yaratmağa hazırdır. 44 günlük Vətən müharibəsiylə işğaldan azad edilmiş ərazilərimizdə başlanan tikinti-quruculuq, bərpa işlərini dünyanın bir çox ölkələrinin maraqla izlədiyini, bu işlərdə iştirak etmək istədikləri, təkliflərlə çıxış etdikləri də məlumdur. Qarabağ və Şərqi Zəngəzur, ümumiyyətlə, Azərbaycan, hazırda xarici investorların geniş şəkildə maraq dairəsindədir. Bura yatırım etməyə, şirkətlərin fəaliyyətini təmin etməyə çalışırlar. Bir çoxları da artıq bu işlərlə məşğuldur. Necə ki, digər ölkələrin iş adamları, eləcə də təbrizli iş adamlarının Qarabağda fəaliyyətinə heç bir maneə yoxdur. Hesab edirəm ki, təbrizli və ya İranın digər bölgəsinə məxsus iş adamlarını ayırmaq lazım deyil. Əsas olan, investorların sərmayə qoyması, şəffaf fəaliyyəti, Qarabağda və Şərqi Zəngəzurda iqtisadiyyatın inkişafına verəcəkləri faydadır. İstər İran, istər Türkiyə, istər digər dövlətlər, bərpa işlərində investorların iştirakı bölgənin ictimai-siyasi həyatı üçün də böyük önəm daşıyır. Türkiyə o layihələrin bir çoxunda yaxından iştirak edir. İran da buyurub iştirak edə bilər. Bu məsələdə hansısa siyasi elementlər axtarılması düzgün olmaz. Təbrizli iş adamlarının, şirkətlərin, sözsüz ki, konkret hansısa sahə üzrə böyük təcrübələri, sərmayələri var. Onların Qarabağa gəlişinə yalnız sevinmək olar.