Pentaqon Əfqanıstanda hərbi kontingentini artırır
Tarix: 14-06-2017, 09:49 |
Çap et
ABŞ prezidenti Donald Trump iyunun 13-də müdafiə naziri Jim Mattis-ə Əfqanıstanda əsgər sayını müəyyənləşdirmək səlahiyyəti verib. Medianın yazdığına görə, bununla da həmin əsgər sayını artırmağa yol açılmış olub.
Əfqanıstanda ABŞ və beynəlxalq qüvvələrə komandirlik edən ordu generalı John Nicholson «bir neçə min» əlavə əsgərə ehtiyacı olduğunu bildirmişdi. Hazırda Əfqanıstandakı hərbçilərin sayı 8 min 400 nəfərdir.
Pentaqonda Əfqanıstana 3-5 min əlavə qüvvə göndərilməsi müzakirə olunur. Bu qüvvənin bir hissəsini ABŞ-ın müttəfiqləri göndərə bilər.
Bu ilin əvvəlində Trump İraq və Suriyadakı ABŞ qüvvələrini idarə edən komandirlərə daha geniş səlahiyyət verib.
Bu arada Mattis Konqresdə xəbərdarlıq edib ki, ABŞ-ın dəstəklədiyi əfqan qüvvələri «Taliban»a qarşı müharibəni qazanmır, müharibə hazırda vüsət almaqdadır.