NATO, Rusiya səfirləri görüşəcək
Tarix: 7-07-2016, 08:56 |
Çap et
NATO və Rusiya gələn həftə danışıqlar aparmağa razılaşıblar. Bu, NATO-nun Polşa sammitindən bir neçə gün sonraya təsadüf edəcək.
Alyansın baş katibi Jens Stoltenberg bəyanatında deyib ki, NATO-Rusiya Şurasının iclası iyulun 13-də NATO-nun Brüsseldəki qərargahında baş tutacaq. Varşava sammiti isə iyulun 8-9-da keçiriləcək.
Rusiyanın NATO-dakı təmsilçisi Aleksandr Grushko da Rusiya və alyansın 28 üzvünün səfirlərinin görüşəcəyini təsdiqləyib.
Stoltenberg-in sözlərincə, şura “dialoq və informasiya mübadiləsindən ötrü foruma çevrilə, gərginliyin azaldılmasında vacib rol oynaya bilər”.
Şura 2014-cü ildən bəri ilk iclasını apreldə keçirib. Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra NATO-Rusiya münasibətləri Soyuq Müharibə dövründən bu yana ən aşağı həddə düşüb.