"Azərbaycan Respublikasının vətəndaşı olaraq bildirirəm ki, Daşınmaz Əmlakın 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəisi Qərib Həsənov tərəfindən uzun müddət ərzində sistemli şəkildə qanunsuz və cinayət tərkibli hərəkətlərə yol verilmişdir..." "DİA-AZ" xəbər verir ki, bunu Qusar şəhəri, Hacı Məhəmməd küçəsi, 10 saylı evdə yaşayan Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu ölkə rəhbərliyinə ünvanlanmış müraciətində qeyd edir.
Narazı vətəndaş daha sonra bildirir: Faktın mahiyyəti :
Qusar şəhəri ( rayon ərazisində ) ərazisində mövcud qəbristanlıq torpaqları, meşə fondu torpaqları, çay yatağı və digər dövlət torpaqları qanunsuz olaraq zəbt edilmiş, həmin torpaqlara hüquqi əsas olmadan, vəzifə səlahiyyətlərindən sui istifadə edilməklə çıxarışlar verilmişdir.
Bu hərəkətlər Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində təsbit edilmiş dövlət mülkiyyətinin qorunması prinsipinin, Torpaq Məcəlləsinin, « Torpaq İslahatı haqqında « və « Daşınmaz əmlakın dövlət reyestri haqqında « qanunların kobud şəkildə pozulmasıdır.
Hüquqi qiymət :
Qeyd olunan əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsi ( vəzifə səlahiyyətlərindən sui istifadə ) , 309-cu maddəsi ( vəzifə səlahiyyətlərini aşma ) ,313-cü maddəsi ( vəzifə saxtakarlığı ) ilə nəzərdə tutulan cinayət tərkibinin əlamətlərini yaradır.
Dövlət torpaq fondunun qanunsuz mənimsənilməsi və qanunsuz sənədləşdirilməsi dövlətin iqtisadi maraqlarına ağır zərbə vurur və ictimai təhlükəli əməl hesab olunur.
Bundan əlavə, dəfələrlə edilən müraciətlərə baxmayaraq, faktlar üzrə obyektiv araşdırma aparılmaması, məsul şəxslərin himayə olunması ehtimalını yaradır və bu da korrupsiya risklərini gücləndirir.
Tələb edirəm :
- Qərib Həsənovun fəaliyyəti üzrə dərhal cinayət işi başlansın ;
- Qanunsuz verilmiş çıxarışların hüquqi əsasları tam yoxlanılsın ;
- Dövlətə vurulmuş ziyanın məbləği müəyyən edilsin ;
- Əməldə cinayət tərkibi müəyyən olunduğu halda məsul şəxslər barəsində cinayət təqibi həyata keçirilsin ;
- Araşdırmanın nəticəsi barədə mənə rəsmi yazılı məlumat təqdim edilsin.
- Qanunun aliliyinin təmin olunması və dövlət maraqlarının qorunması məqsədilə müraciətimin ciddi nəzarətə götürülməsini xahiş edirəm..."








