
Son dövrlər sosial şəbəkələrdə vasitəsilə həyata keçirilən qanunsuz estetik əməliyyatlarla bağlı yeni iddialar gündəmə gəlib.
XALQ-a daxil olan məlumata görə, əvvəllər də müxtəlif şikayətlərlə gündəmə gələn Xəyalə İsmayılova yenidən estetik əməliyyatlar həyata keçirməkdə ittiham olunur.
İddialara əsasən, Xəyalə İsmayılova hazırda Bakıxanov qəsəbəsində yerləşən “NovoMed” klinikasının zirzəmisində qeyri-qanuni şəkildə estetik əməliyyatlar aparır. Halbuki rəsmi məlumatlara görə onun müvafiq ali və ya orta ixtisas tibbi təhsili, həmçinin praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsi yoxdur.
Məlumata görə, bədən şəkilləndirmə, üz gərmə və digər estetik prosedurlar üçün pasiyentlər əsasən “nmedestetik” “TikTok” platformasında yerləşdirilən elanlar vasitəsilə cəlb olunur. Pasiyentlərlə ilkin əlaqəni isə Orxan adlı şəxs qurur. O, müxtəlif vədlərlə insanları əməliyyata razı salır və onlardan ödəniş alır.
Belə hallardan birində pasiyentə burun kiçiltmə əməliyyatı üçün 450 manat ödəniş etməsi təklif olunur. Pasiyent həkimin kim olduğunu soruşduqda ona əməliyyatı ixtisaslaşmış estetik həkim Məryəm Həsənzadənin həyata keçirəcəyi bildirilir. Lakin əməliyyat günü pasiyent “NovoMed” klinikasına gəldikdə qarşısında sosial şəbəkələrdə saxta estetik əməliyyatlarla bağlı ifşa olunan Xəyalə İsmayılovanı görür. Bu vəziyyətdən şübhələnən pasiyent əməliyyatdan imtina edərək ödəniş etdiyi məbləğin geri qaytarılmasını tələb edir.
XALQ-ın əldə etdiyi məlumatda bildirilir ki, əməliyyat üçün ödənişlər “card to card” üsulu ilə həyata keçirilir və vəsait 5008-lə bitən bank kartına köçürülür. Məkan kimi isə Bakxanov qəsəbəsində yerləşən “NovoMed” Tibb Mərkəzi göstərilir.
Məsələ ilə bağlı “NovoMed” klinikasının səlahiyyətlisi kimi özünü təqdim edən Elçin Mehdiyev bildirib ki, Xəyalə İsmayılova həmin klinikada çalışmır və bu barədə onların məlumatı yoxdur. Onun sözlərinə görə, klinika həmin məkanda yeni fəaliyyətə başlayıb və yaxınlıqda başqa bir obyekt də mövcuddur.
Lakin bir müddət sonra Orxan adlı şəxs əlaqə saxlayaraq özünü Xəyalə İsmayılovanın köməkçisi kimi təqdim edib. O bildirib ki, Xəyalə İsmayılova əməliyyat etmir və yalnız vasitəçi kimi estetik əməliyyat etdirmək istəyən şəxsləri yönləndirir. Həmin şəxs iddia edib ki, “NovoMed” klinikası Xəyalə İsmayılovanın anasına məxsusdur, lakin əməliyyatları başqa həkim həyata keçirir.
Pasiyentin əməliyyat zamanı Xəyalə İsmayılovanı görməsi ilə bağlı suala isə Orxan adlı şəxs aydın cavab verməkdən yayınıb. Daha sonra isə özünü Orxan Nağızadə kimi təqdim edən şəxs telefon vasitəsilə əməkdaşımıza təhdid və şantaj xarakterli səs yazısı göndərib.
Qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyasında deyilə Məryəm Həsənzadənində adı belə yoxdur
Orxan adlı şəxsin sosial platformalarda açdığı və pasiyentlərlə əlaqəyə keçərək cəlb etdiyi səhifələri təqdim edirik:
Həmçinin iddialara görə heç bir ali tibbi təhsili olmayan Orxan Nağızadə adlı şəxsdə saç simulyasiyası və buxaq estetik prosedurları icra edir.
Əldə olunan yazışmalarda qeyd olunur ki, 450 manat qarşılığında əməliyyatı Məryəm adlı həkim həyata keçirəcək. Ödəniş edildiyini təsdiqləyən qəbz və yazışmalar da mövcuddur. Lakin əməliyyat zamanı Xəyalə İsmayılovanın ortaya çıxması suallar yaradır: bütün bunlar təsadüfdür, yoxsa vətəndaşlar üçün qurulan bir tələ?
Hazırda mediada yayılan məlumatlar və videogörüntülər əsasında Baş Prokurorluqda araşdırma aparıldığı bildirilir.
Ümid edirik ki, hüquq-mühafizə orqanları bu iddiaları hərtərəfli araşdıraraq qanunsuz fəaliyyətlə bağlı lazımi tədbirlər görəcək.











