
"Son 15 gündə dəyərli qələm əhlindən ən çox aldığım sual budur ki, neft bahalaşır, bu Azərbaycana xeyirlidir, bəs hökumət sosial xərcləri artıra bilərmi?!" "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra bildirir: "Neft bahalaşanda, təbii ki, Azərbaycanın valyuta gəlirləri, daxiolmaları, ticarət dövriyyəsinin müsbət saldosu artır – bu çox yaxşıdır.
Amma, dünyada neft bahalaşanda mal və xidmətlərin maya dəyəri, daşınma xərcləri, logistik yollarda xaotik duruma görə sığorta xərcləri də artır.
Azərabycan isə yediyinin-içdiyinin 75%-ni, geyindiyinin 87-88%-ni, əlində tutduğu telefonun, işlədiyi kompyuterin 100%-i, sürdüyü maşının 99,5%-i, avtomobil ehtiyat hissələrinin 99%-i və s. xaricdən idxal edir. İdxaldan bu qədər asılı olan ölkə, neft qiymətlərinin artmasına görə qazandığı, idxaldan asılılığına görə artıqlaması ilə itirir.
Neft gəlirlərinin artması sosial xərcləri birbaşa artırmaz – bəlkə buna heç ehtiyac da yoxdur, gəlir artırsa, vergi-rüsum-cəriməliri azaltsınlar, bu daha yaxşı, daha doğru, daha təməl addım olar, iqtisadi aktivliyi canlandırar..."











