Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin “Müstəqillik Bəyənnaməsi” və “Qarabağ hərəkatı” məsələsi ilə bağlı bir sıra açıqlamalar verib.
Tribuna.az xəbər verir ki, o, hər iki məsələdə ermənilərin diqqətli olmasını vurğulayıb.
Paşinyan bildirib ki, “Müstəqillik Bəyənnaməsi” daha çox müharibə elanı kimi başa düşülməlidir. Onun sözlərinə görə, həmin sənəd Ermənistan Konstitusiyasında yer almamalıdır.
Baş nazir həmçinin “Qarabağ Hərəkatı”nın davam etdirilməsinin müharibə riski olduğunu da qeyd edib. “İyunun 7-də ermənilər qəti qərar verməlidirlər. Qarabağ Hərəkatı davam etsin, ya yox. Əgər davam deyərsə, bu artıq müharibə deməkdir. Biz sülh istəyirik”.
Ermənistan baş nazirinin açıqlamasına reaksiya verənlərdən biri də separatçılar olublar. Belə ki, qondarma “Artsax parlamenti”nin saxta rəhbəri Aşot Danielyan deyib ki, onlar Paşinyanın dedikləri ilə razılaşmırlar. O, həmçinin Qarabağdan köçmüş ermənilərin adından danışaraq, buna imkan verməyəcəklərini bildiriblər. “Qarabağ erməniləri heç vaxt Ermənistanın mövcud hakimiyyətinə onların adından hərəkət etməyə və Qarabağı sadə bir sövdələşmə mövzusuna çevirməyə icazə verməyib və verməyəcək”.












