"Gələn həftə Milli Məclis yeni cərimə və həbs cəzalarını təsdiq edəcək. Söhbət süni intellektin istifadəsi ilə düzəldilən şəkil və videoların işarələnməməsindən gedir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının qurucu üzvü İlqar Məmmədov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Orta əsrlərdə kitab çapı icad olunanda, çap maşınları Şərq aləminə də dərhal gətirilmişdi, amma burdakı hökmdarlar dedi ki, çap işi kütləviləşə, bütün kitabların müqəddəsliyi itəcək. Ona görə də çapı məhdudlaşdırdılar, yasaqladılar, Şərqdə əlyazmalar dövrü davam etdi.
Qərbdə nə oldu? Çap nisbətən sərbəst idi, kitablar əvvəlki parıltısını itirsə də, hər yeni kitab yeni bir müzakirə açdı, Qərb cəmiyyəti daha yaradıcı oldu və Şərqi qısa tarixi zamanda üstələdi. Bəlkə bir neçə əsr keçəndən sonra geridəqalmış Şərq nəhayət kitab çapına geniş icazə verdi, amma artıq gec idi, çox geriləmişdi.
Nəyisə tənzimləyəndə, bilmək lazımdır ki, insanlar dəyişən şəraitə tez öyrəşə bilir, insanın təbiətidir bu, dövlət isə bunu bacarmır. İnsanımız artıq yeni vərdişlər yetişdirir, bütün xəbər, şəkil və videoları özləri sorğulayıb düzünü tapa bilirlər. Getdikcə də daha da çox. Dövlətimiz isə deyir ki, yox e, insanlar yetərincə ağıllı deyil, mən onları texnologiyadan qoruyacam. Eynən çap kitabına orta əsrlərdə hökmdarın qoyduğu yasaq. Cərimə qoyacam, həbs edəcəm, filan. Azərbaycanın gələcəyinə qarşı bu ən ciddi zərbələrdən biridir, amma həmişəki kimi dövlət qayğısı örtüyünə bürünüb.
Süni intellektin dünya lideri olan Amerika Birləşmiş Ştatları Ermənistanla bu sahədə strateji iş birliyinə milyardlarla pul ayırır. Bilirsiniz də, bizlə yox, Ermənistanla. İndi bax bu aşırı tənzimləmə ilə elə eləməyək ki, gələcəkdə Ermənistanın rəqəmsal vilayətinə çevrilək. Bir kərə çap maşınını yasaqlamış Şərq, 500 il sonra da Qərbə çata bilmir. Bu dərsi unutmayaq..."












