
"Şikayətim "Azəriqaz" və ya onların iddiasına görə "Təmizqaz" ilə bağlıdır. Demək, bu qurum qərar qəbul edib ki, sayğaclar dəyişilməlidir və dəqiq tarix bilmirəm, amma bu ilin əvvəlində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində kütləvi formada sayğacların dəyişiminə başlayıblar. Bura kimi hər şey qaydasındadır..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Həmid Sultanzadə adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Əsas problem, bu qurum, abunəçi evdə olmadan sayğacı dəyişib, akt tərtib edib, son göstəricini həmin akta qeyd edib - 12992 kub, bir əvvəlki göstərici isə 11621 kub. Fərq 1371 kub - sadəcə 35 gün üçün.
Və əsas məsələ, bu ev hazırda heç kimin yaşamadığı evdir. Başa düşdünüyüz kimi, sadəcə 35 gün ərzində 1300+ kub istifadə olunması absurddur.
Bu məsələ ilə Azəriqaz-a müraciət edirəm ki, sonuncu sayğacımın həqiqətən son göstəricisinin 12992 olduğunu mənə sübut eləsinlər. Sadəcə 2 həftədir, cavab odur ki; sayğac yoxlanışdadır, sayğaclar çoxdur tapılması vaxt alır və s. və s.
Və bir cavabları da odur ki, bu kütləvi dəyişimi icra edən "Təmizqaz" adlı qurumdur. Amma onlar kimdir, necə əlaqə saxlaya bilərəm, dəqiq məlumat tapa bilmirəm
Bu borcdan xəbər tutandan sonra mən aktı Azəriqaz-dan tələb etdim və bir maraqlı məqamı da deyim ki, aktın sonuncu bəndində "təchizat yoxlanıldı, abunəçiyə təhvil verildi" qeyd edilib. Amma bizdən heç kim bu prosesdə iştirak etməyib..."








