"Sözüm yaltaq, milli heysiyyətdən, şəxsiyyətdən və ləyaqətdən məhrum, sui-istifadəçi, üzdəniraq alim-akademik, professor titullu şəxslərədir. İnsan nə qədər vicdansız olar?! Utanmırsınız?!" "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov bildirib.
O daha sonra etiraz dolu fikrini belə davam etdirir: "Özünüz də bilə-bilə ki, yaltaqlandığınız şəxsin reputasiyasını öz əzik reputasiyanıza yaxınlaşdırırsınız, yenə də bu həyasızlıqdan əl çəkmirsiniz. Məgər illərlə etdiyiniz alçaldıcı yaltaqlığın acı nəticələrini görmürsünüz?! Vallah, yaltaqlandığınız şəxsdə dözüm var e. Siz isə özünüzü axırıncı yola qoyub qarşıdakının həyasını istismar edir, şit, mükrih yaltaqlıqla onu xalqın gözündə özünüzə bənzədib aşağılamaq istəyirsiniz.
Elə bir üsul seçmisiniz ki, dərhal reaksiya verib sinsimiş sifətinizə bir şapalaq qoymaq və ya layiq olduğunuz qoduxluğa da basmaq olmur və şişdikcə şişir, korladıqca korlayırsınız.
Riyakarlığa son qoyub, əməldə sədaqətli olsaydınız, insanlarımız can deyib can eşidərdi.
Nə yazıq ki, sizin sizin iylənmiş xislətiniz buna imkan vermir!
Siz çox qorxulu, zərərli, məsuliyyətsiz, vicdansız, "uf" demədən insan qanı içən bədheybət varlıqsınız. Sadəcə, elmi titullar, bəlağətli nitqlər, həyasız mədhiyyələr arxivində gizlənmisiniz.
Fəaliyyətiniz ölkəni 100 il geri salıb.
Məsuliyyət hiss edib özünüzə gələcəksinizmi?! İnanan daşa dönsün! Siz qəsdən elə yaltaqlanırsınız ki, yaltaqlandığınız şəxs sizin səviyyənizə düşsün və yaxşıca faydalanasızınız. Buna xeyli dərəcədə nail olmusunuz.
Ləyaqətinizi bu dərəcədə itirib özünüzü axırıncı yola qoymaqla həm sırtıqcasına yataqlıq etdiyiniz şəxsi, həm milli dəyərləri, həm də xalqı əzik-əzik etməkdəsiniz. Niyə belə edirsiniz? Axı mən bilirəm ki, bilə-bilə özünüzü belə "tupoyluğa" qoyursunuz. Tüfeyli simanız batsın!
Akademik fəaliyyətinizin nəticəsi göz qabağındadır. Belə davarnışı davam etdirsəniz, bir müddət sonra ölkəmizin olmayacağından əmin ola bilərsiniz. Öz xoşunuza oyanıb beyninizi işğal etmiş əqrəblərdən təmizləməyi düşünməyəcəksiniz!
Bizə elminiz zərrə qədər də lazım deyil. Bıqdıq artıq. Ölkəyə hava və su qədər vacib olan vicdanlı insanlar lazımdır!
PS. Uzun illər sizin alçaq, vicdansız, möhtəkir, tüfeyli və müftəxor fəaliyyətinizin, şit təriflərinizin, yaltaqlıqlığınızın və məddahlığınızın nəticəsidir ki, bu gün əsl səbəb olan siz biclər, çoxbilmişlər deyil, fəqət ölkənin birinci şəxsinin ailəsi təhqirlərə məruz qalır. Demək, siz edəcəksiniz, cəfasını başqaları çəkəcək. Siz isə ortada yeyib qıraqda gəzəcək, özünüzün və nəvə-nəticələrinizin eyş-işrətindən ləzzət alacaqsınız..."









