Əhəmiyyətli hissəsi naxçıvanlı olan 300 keçmiş zabit və gizir 30 ildən çoxdur onlara verilən mənzil vədinin yerinə yetirilməsini gözləyir. Onlar Qarabağ müharibəsi başlayanda SSRİ ordusundan Azərbaycan Ordusuna keçdiklərini və həmin vaxt mənzillə təmin olunacaqlarının bildirildiyini deyirlər.
Lakin keçmiş hərbçilərin bir çoxu bu gün 60–70 yaşında olsa da, hələ də kirayədə və ağır sosial şəraitdə yaşayır.
Problemləri illərdir həll olunmadığı üçün onlar “Gündəlik Naxçıvan” səhifəsi vasitəsi ilə Prezident İlham Əliyevə müraciət ediblər:
“1990-cı illərin əvvəllərində Azərbaycanın müstəqilliyi və dövlətçiliyi ağır sınaqlarla üzləşəndə Heydər Əliyevin çağırışına cavab verərək SSRİ Silahlı Qüvvələrindəki xidmətimizi yarımçıq qoyub Vətənə qayıtdıq. Yeni formalaşan Azərbaycan Ordusunda xidmətə başladıq. Həmin vaxt sosial təminatımızın, o cümlədən mənzil problemimizin həll olunacağına dair verilən vədlərə inanaraq uzun illər orduda xidmət etdik.
Hazırda böyük əksəriyyətimizin yaşı 60–70 arasındadır. Bir çoxumuz illərdir kirayə mənzillərdə və ağır sosial şəraitdə yaşayırıq. Bəzi silahdaşlarımız mənzil probleminin həllini görmədən dünyasını dəyişib, digərlərimiz isə hələ də verilən vədin yerinə yetirilməsini gözləyirik.
Sizdən SSRİ Silahlı Qüvvələrindən Azərbaycan Ordusuna keçərək uzun illər xidmət etmiş hərbi qulluqçuların mənzil təminatı məsələsini xüsusi nəzarətə götürməyinizi və aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verməyinizi xahiş edirik. Hesab edirik ki, bu problemin həlli dövlətin öz hərbçilərinə verdiyi dəyərin və tarixi ədalətin təzahürü olar”.














