" "Kapital bank" kimi soyğunçu 2-ci bir bank yoxdur..." "DİA-AZ" xəbər verir ki, bu barədə "AZBank Klubu" sosial qrupundakı paylaşımında Orxan Murquzov adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "2500 manat kredit üçün 2 ilə 1100 manat faiz hesablanır, 1 ilə 22%. Hələ 2500 manatı nağdılaşdırdıqda ələ 2400 manat pul çatır. Bank əməkdaşı 1.5% komisiya deyir ancaq 62.5 manat çıxılır, yəni 2.5%+12+24 manat da nağdlaşdıranda çıxır. Yəni 1 ilə 25%. Qısası 2400 manata 3600 manat pul ödənilməlidir. Türkiyəlilər demiş: "tefeci"dilər bunlar..."
Yeri gəlmişkən, Azərbaycanla məsələn, Baltik ölkələrində kredit faizlərinin müqayisəsi adamı dəhşətə gətirir.
"DİA-AZ" xatırladır ki, Azərbaycanda istehlak kreditləri üzrə orta illik faiz dərəcələri təxminən 21–26% arasında dəyişir. Faktiki illik faiz dərəcəsinin (FİFD) yuxarı həddi isə təxminən 32–44% təşkil edir.
Estoniyada istehlak kreditləri üzrə orta illik faiz dərəcəsi 12,89% təşkil edir. FİFD üzrə maksimum göstəricilər adətən 15–20% arasında dəyişir.
Latviyada istehlak kreditləri üzrə orta illik faiz dərəcəsi 11,95%-dir. FİFD üzrə yuxarı hədd 14–18% arasında dəyişir.
Litvada isə istehlak kreditləri üzrə orta illik faiz dərəcəsi 8,32% təşkil edir. FİFD üzrə yuxarı hədd adətən 10–12% arasında dəyişir.
Əsas səbəb budur - Avrozonanın faiz mühiti, bank sektorunda yüksək rəqabət və daha aşağı kredit riskidir.


















