Son illər psixoloqlar "overscheduling" (uşağın həyatının həddindən artıq planlaşdırılması) barədə çox danışırlar. Bu, bəzi uşaqlarda stressin artmasına, motivasiyanın azalmasına və qərar vermək bacarığının zəifləməsinə səbəb ola bilər. Uşağın öz seçimini edə biləcəyi vaxtın olması vacib sayılır. Müasir valideynlərin bir hissəsi uşaqlarını xoşbəxt yox, mükəmməl görmək istəyir.
Üç yaşlı uşaq dil kursuna göndərilir. Dörd yaşında əlifbanı əzbər bilməlidir. Beş yaşında skripka çalmalıdır, üzməyə getməlidir, rəsm çəkməlidir, şahmat oynamalıdır... Sanki uşaq deyil, valideynin həyata keçməmiş arzularının layihəsidir. Qızımın bir sinif yoldaşı var. Uşağın br dəqiqə boş vaxtı yoxdur. Ana uşağı həm rəqsə, həm rəsmə, həm şahmata, həm informatika kursuna yazdırıb. Uşaq heç birində nəaliyyət əldə edə bilmir. Üstəlik dərslərində də zəifləyib. Soruşuram niyə belə edirsən. Deyir boş olanda telefonla oynayır. Amma uşağın əlində özü boyda telefon var.
Sosial şəbəkədə beş yaşlı bir uşağın üç dildə danışdığını, fortepianoda ifa etdiyini görən kimi başlayırlar müqayisəyə: "Mənim uşağım niyə belə olmasın?" Ən acınacaqlısı isə odur ki, valideynlərin çoxu bunu uşağın gələcəyi üçün etdiyini düşünür. Əslində isə çox vaxt öz yarımçıq qalmış arzularını övladının çiyinlərinə yükləyir. Psixologiyada buna "parental projection" (valideynin öz arzu və gözləntilərini uşağa yükləməsi) deyilir. Valideyn fərqinə varmadan əldə edə bilmədiyi uğurları övladında görmək istəyir. Uşağın gününü elə doldurublar ki, onun darıxmağa belə vaxtı qalmayıb. Halbuki yaradıcılığın, xəyal gücünün, müstəqil düşüncənin böyük hissəsi məhz o "boş vaxt"larda formalaşır. Hər dəqiqəsi planlaşdırılmış uşaqlıq, əslində, planlaşdırılmış asılılıq yaradır.
Bəzən valideyn deyir ki, uşaq mütləq sənədli film izləməlidir, klassik musiqi dinləməlidir, yalnız "faydalı" kitab oxumalıdır. Axı niyə mütləq? Əgər o uşaq indi cizgi filminə baxmaq istəyirsə, niyə onu maraq göstərmədiyi bir filmə məcbur edirik? 4-12 yaş arası uşaq niyə Ramiz Rövşənin, Nüsrət Kəsəmənlinin yaşına uyğun olmayan şeirlərini əzbərləyib deməlidir. Məsələn, sosial şəbəkədə 3–4 yaşlı bir qız uşağının videoları qarşıma çıxır. Yaşına uyğun olmayan şeirlər söyləyir, böyüklərə məsləhətlər verir, kamera qarşısında son dərəcə "nümunəvi uşaq" obrazı yaradır. Videolara baxanda istər-istəməz düşünürəm: bu yaşda uşaq doğrudanmı kamera qarşısında böyüklər kimi danışmalıdır? Yoxsa palçıqda oynamalı, qaçmalı, yıxılmalı, gülməli, dostları ilə dava edib barışmalıdır? Bəlkə də o uşaq bunları həqiqətən sevir. Mən bunu bilmirəm. Söhbət təkcə ondan getmir. Söhbət son illər uşaqlığın özünün tamaşaya çevrilməsindən gedir.
Sanki uşaqlar artıq uşaq olmaq üçün yox, izlənmək üçün böyüdülür. Onlar oyun meydançasından çox kamera qarşısında, həyatdan çox kontentin içində yaşayırlar.
Günel Musa - "DİA-AZ"


















