"Zəngəzur istiqamətində nəqliyyat kommunikasiyalarının açılması və Azərbaycan–Türkiyə–ABŞ əməkdaşlığının güclənməsi İranın regiondakı strateji mövqeyinə birbaşa təsir göstərə bilər."
Moderator.az xəbər verir ki, bu mülahizəni Ermənistanın “Mamul.am” nəşri siyasi analitik Vardan Balyanın Cənubi Qafqazdakı nəqliyyat və geosiyasi proseslərə dair şərhində ifadə edib.
Erməni ekspertin fikrincə, Zəngəzur istiqamətində nəqliyyat kommunikasiyalarının açılması və Azərbaycan–Türkiyə–ABŞ əməkdaşlığının güclənməsi İranın regiondakı strateji mövqeyinə birbaşa təsir göstərə bilər.
Balyan hesab edir ki, Tehran Ermənistan ərazisindən keçməklə Gürcüstana və Qara dəniz limanlarına çıxan alternativ tranzit marşrutunun yaradılmasına xüsusi əhəmiyyət verir. Onun fikrincə, İran üçün Ermənistan üzərindən keçən yol Azərbaycanın və Türkiyənin regional nəqliyyat layihələrinə alternativ imkan yarada bilər.
Müəllif Zəngəzur istiqamətini İran baxımından yalnız nəqliyyat layihəsi deyil, həm də mühüm geo-siyasi məsələ kimi qiymətləndirir. Onun şərhinə görə, Azərbaycan və Türkiyənin regional nəqliyyat imkanlarının ABŞ tərəfindən dəstəklənməsi Tehranın Cənubi Qafqazdakı manevr imkanlarını məhdudlaşdıra bilər.
Erməni ekspertin qənaətinə əsasən, bu səbəbdən İran Ermənistanla alternativ kommunikasiya və tranzit layihələrini inkişaf etdirməyə çalışır. Balyan hesab edir ki, Zəngəzur yolu ətrafında gedən proseslər təkcə Azərbaycan və Ermənistan münasibətləri çərçivəsində deyil, Azərbaycan–Türkiyə–ABŞ xəttinin İranın regional maraqları ilə toqquşması kontekstində də qiymətləndirilməlidir.
Qeyd edək ki, bunlar müəllif Vardan Balyanın siyasi-analitik qənaətləridir və rəsmi Bakı, Ankara və ya Vaşinqtonun mövqeyi kimi qəbul edilməməlidir...













