Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Adil İmranzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 8 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
İttihama əsasən, Adil İmranzadə bu il saat 16 radələrində yaşadığı Abşeron rayonu ərazisində yerləşən mənzilə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində gəlib. Həmin ünvanda onunla qeyri-rəsmi ər-arvad münasibətində yaşayan tanışı, zərərçəkmiş Səma Tağıyeva (adı, soyadı şərtidir) onun yenidən alkoqol sərxoşluğu vəziyyətində evə gəlməsinə irad bildirib.
Bu səbəbdən tərəflər arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
Mübahisə zamanı təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin üzərinə hücum edib. Adil qadının sifət, baş və ayaq nahiyələrinə əl, yumruq və təpik zərbələri endirib. Nəticədə Səmanın sağ budunun aşağı üçdəbirinin xarici səthində iki ədəd, sol diz nahiyəsində dizaltı nahiyəyə keçən bir ədəd, eləcə də sağ baldırın aşağı üçdəbirinin ön səthində bir ədəd geniş sahəli şişkinliklə müşayiət olunan qançırlar əmələ gəlib.
Məhkəmə iclasında Adil İmranzadə özünü təqsirli bilib. O, Səmanın şikayət ərizəsi ilə tanış olduğunu deyərək, həmin qadınla təxminən 12 ildir qeyri-rəsmi ər-arvad münasibətində yaşadığını söyləyib.
Təqsirləndirilən şəxs aralarında heç bir ədavət və düşmənçilik münasibətinin olmadığını vurğulayıb.
Onun sözlərinə görə, spirtli içki qəbul etməsi səbəbindən aralarında vaxtaşırı sözlü mübahisələr baş verib. Adil bildirib ki, hadisə günü günorta saatlarında yaşadığı MTK-nın yaxınlığında yerləşən kafelərdən birində araq içib və daha sonra evə gedib. Saat 16 radələrində evdə olarkən Səma onun sərxoş vəziyyətdə evə gəlməsinə irad bildirib. Həmin iraddan əsəbiləşərək qadının üzərinə gedib və onu əl, yumruq və ayaq zərbələri ilə sifət, baş və ayaq nahiyələrindən vurub.
Adil mübahisə zamanı Səmanın onu vurmadığını və ona hər hansı xəsarət yetirmədiyini də bildirib.
Hadisədən sonra zərərçəkmiş şəxs telefonla DİN-in “102” xidmətinə zəng edərək baş verənlər barədə məlumat verib.
Məhkəmədə təqsirləndirilən şəxs hazırda Səma ilə barışdığını bildirib. O qeyd edib ki, zərərçəkmiş şəxsin hazırda ondan hər hansı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edib.













